18 İyun 2020 14:57
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya həm dünya, həm də ölkələrin milli iqtisadiyyatına yeni çağırışlar gətirmiş oldu. Çünki nəticə etibarilə pandemiyanın davam etməsi, gələcəkdə belə tip xarici risklərin olması ehtimalları distant idarəetməyə marağı artırır və tələb yaradır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, onlayn idarəetmə bu gün pandemiya dövründə daha da aktuallaşıb. Onun sözlərinə görə, eyni zamanda avtomatlaşdırma, distant idarəetmə praktik olaraq artıq gündəmdə olan məsələlərdir: ""Microsoft" şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti və nümayəndələri arasında videokonfrans formatında görüşdə xüsusən vurğulanan məqamlardan biri Azərbaycanın bu istiqamətdə məhz “Microsoft”la əməkdaşlığın gücləndirilməsi ilə bağlı oldu”.

Vüqar Bayramov vurğulayıb ki, pandemiyanın nə qədər müddəti əhatə edəcəyi bəlli deyil: "Artıq postpandemiya terminindən beynəlxalq qurum və ekspertlər çox tərəddüdlə istifadə edirlər. Çünki post pandemiya dövrünün nə zaman başlayacağı indiki halda bəlli deyil. Eyni zamanda bu tip pandemik risklərin olması ehtimalları da artdığı üçün onlayn idarəetmə daha da aktuallaşıb və gündəmə gəlib. Onlayn idarəetmə, xüsusən biznesdə onlayn menecmentin tətbiq edilməsi bir sıra aspektlərdən vacibdir. Gələcəkdə bu tip hallar baş verəndə ilk növbədə biznes öz fəaliyyətini davam etdirmək üçün mövcud imkanlardan faydalana biləcək. Bu da biznesdə xüsusən də pandemiya dövrü üçün idarəetməni davam etdirmək imkanı deməkdir”.

Deputat həmçinin distant təhsilə keçidin də artıq bu günün tələbi olduğunu qeyd edib: "Azərbaycanda həm orta, həm də ali məktəb səviyyəsində distant təhsil sisteminin tamamlanması prosesi uğurla gedir. Növbəti dövrlərdə pandemiya başa çatsa belə distant təhsil aktuallığını yenə qoruyub saxlayacaq. Ölkələr, o cümlədən də Azərbaycan bu istiqamətdə əməkdaşlığı gücləndirəcək. Onlayn menecment də zamana və vəsaitə qənaət edilməsi üçün çox vacibdir. Paralel olaraq bu, biznesə zaman və vəsaitə qənaət imkanı yaradır. Çünki biznesdə onlayn menecmentin tətbiq edilməsi arzuolunandır. Bu addım digər tərəfdən də mövcud sistemdə şəffaflığı gücləndirmiş olacaq. Çünki idarəetmə onlayn olanda artıq daha şəffaf bir sistem ortaya çıxmış olacaq. Eyni zamanda onlayn korporativ idarəetmə sisteminin formalaşmasına da imkan yaradacaq. Bu da öz növbəsində ölkəmizdə aparılan islahatların tərkib hissəsi hesab oluna bilər”.

Vüqar Bayramov növbəti dövrün onlayn menecmentin avtomatlaşdırılmasının daha öndə olacağını söyləyib: "Prezidentin son videokonfrans formatında görüşləri və çıxışları da bir daha təsdiq edir ki, Azərbaycan onlayn menecmentin inkişaf etdirilməsinə dəstək verəcək. Bu da imkan yaradacaq ki, artıq biz pandemiyanın davam edən aylarında biznes daxil olmaqla fərqli sektorlarda onlayn menecmentdən daha fəal, intensiv şəkildə istifadə edə bilək".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər