ABŞ və Çinin qarşılıqlı fikir “mübadiləsindən” sonra iki ölkə arasında çoxlarının gözlədiyi kimi təhlükəli gərginlik yaşanmayacaq. Xatırlayırsınızsa, Donald Tramp hakimiyyətinin ilk illərində Çinə qarşı sanksiyalar tətbiq etmək haqqında qərarlar qəbul etmişdi. Tramp administrasiyası hesab edirdi ki, Çin sürətlə inkişaf edir və yaxın bir neçə ildə ABŞ-ın dünyadakı roluna təsir göstərə bilər. Yəni onda da gərginlik mövcud idi, amma sonradan Vaşinqton və Pekin razılığa gələrək gərginliyi aradan qaldırdılar.
Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ABŞ liderinin uyğur türklərinə basqı siyasəti həyata keçirdiyi üçün Çinə sanksiya tətbiq edilməsinə dair qərar layihəsini imzalaması və Pekinin buna görə Ağ Evi təhdid etməsi səbəbindən yaranan gərgin situasiyanı qiymətləndirərkən deyib.
Partiya sədri əlavə edib ki, rəsmi Pekinin uyğur türklərinə qarşı həyata keçirdiyi diskriminasiya siyasətinə cavab olaraq ABŞ tərəfindən ona sanksiyalar tətbiq edilməsi müsbət addımdır: “Həqiqətən Çin hakim dairələri uyğur türklərinin hüquqlarını məhdudlaşdırır və onları hansısa düşərgələrdə saxlayır. Bu, faktiki olaraq Çin daxilində azlıqda olan etnosu məhv etmək siyasətidir. Bunun qarşısını almaq üçün Çinə müəyyən təzyiqlər olmalıdır. İndiki halda ABŞ hökumətinin sanksiya qərarı doğru və yerində atılan addımdır. Hesab edirəm ki, türkdilli ölkələr də Çinə öz etirazını rəsmi şəkildə çatdırılmalıdır. Bu, müsbət hadisə olardı”.
Qulamhüseyn Əlibəyli hesab edir ki, sanksiya qərarına görə ABŞ-ı təhdid edən Çin Xarici İşlər Nazirliyi sadəcə cavab gedişi edib: “Bunlar əslində qarşılıqlı rəqabət prosesində baş verən addımlardır. Bu addımlar tərəflər arasında böyük qarşıdurmalara səbəb olmayacaq. Sözsüz ki, ABŞ-a qarşı belə təhdidlər, hətta prezidentin təhqir edilməsi başqa ölkələr tərəfindən vaxtaşırı olur. Amma ABŞ-da buna dözümlü yanaşırlar. Yəni ABŞ kimi nəhəng ölkə başqa dövlətlərlə bağlı siyasətini ancaq belə təhdidlərə görə müəyyən etmir. Hesab etmirəm ki, bu mərhələdə Pekin-Vaşinqton xəttində ciddi gərginlik yaşansın”.