Yeni növ koronavirus infeksiyası – COVID-19 bütün dünyada dövlətlərin idarəetmə və xidmət göstərmə bacarığını bir növ testdən keçirməkdədir. Özü də bu testə təkcə səhiyyə sahəsində idarəetmə və xidmət göstərmə bacarığı deyil, bütün digər sahələr də daxildir. Pandemiya təhlükəsini ilk gündən ciddi qəbul edən, ona qarşı düşünülmüş addımlar atan Azərbaycan kimi ölkələr bu gözəgörünməz düşmənə ləyaqətlə sinə gərməkdə, Ermənistan kimi populist siyasətin qurbanına çevrilən ölkələr isə tədricən yenilməkdədirlər. Bu bir faktdır ki, təcavüzkar ölkədə sosial-iqtisadi sferadan tutmuş səhiyyəyə qədər bütün sahələrdə əvvəldən də mövcud olan problemlər daha da dərinləşib. Artıq Ermənistanda acınacaqlı bir vəziyyət yaranıb və proses nəzarətdən çıxıb. Bunu ölkə rəsmiləri və ekspertlərin verdikləri bəyanatlardan da aşkar görmək mümkündür.
Sözsüz ki, dünyada hər şey müqayisə ilə ölçülür. Teleqraf.com saytı olaraq hazırladığımız bu yazıda da əvvəlcə gəlin, faktlara diqqət yetirək. Çünki böyük yazıçı Mixail Bulqakovun “Master və Marqarita”da Volandın dilindən yazdığı kimi faktı heç bir şey dəyişə bilməz. Beləliklə, Azərbaycanın əhalisi 10 milyon 140 min, Ermənistan əhalisinin sayı 2 milyon 961 min 532 nəfərdir. Burada bir haşiyəyə çıxaq. Qeyd etdiyimiz əhali sayı Ermənistanın rəsmi statistika qurumunun “məhsulu”dur. Əslində isə bu gün işğalçı ölkədə yaşayan əhalinin sayı heç 2 milyona çatmır. Rusiya mənbələri və Ermənistandakı müstəqil və müxalif mənbələr hazırda ölkədə 1,5-2 milyonadək əhalinin yaşadığını bildirirlər.
Rəqəmlər nə deyir?
Azərbaycanda cəmi yoluxma sayı 10 662, sağalanların sayı 5 948, müalicəsi davam edənlərin sayı 4 588, vəfat edənlərin ümumi sayı 126, ümumi test sayı 391 699, son gündə yoluxma sayı 338, pandemiyaya qarşı ümumi xərclər 3,5 milyard manatdır. Azərbaycanda hər bir yüngül xəstəyə günlük xərclənən pul 50 manat, hər bir ağır xəstəyə günlük xərcələn pul 150 manatdır. Ermənistanda isə cəmi yoluxma sayı 18 033, sağalanların sayı 6 814, müalicəsi davam edənlərin sayı 8 052, vəfat edənlərin ümumi sayı 302, ümumi test sayı: 87 000, son gündə yoluxma sayı 544, pandemiyaya qarşı ümumi xərclər 300 milyon dollardır. Ermənistanda bir xəstəyə günlük xərclənən vəsaitin nə qədər olduğu mühüm dövlət sirri imiş kimi məxfi saxlanılır.
Pandemiya ilə əlaqədar Azərbaycana edilən yardımlara gəldikdə ABŞ 5,3 milyon dollar, Avropa Birliyi 14 milyon avro, Türkiyə humanitar, Çin tibbi-texniki yardım edib.
Daim yardım dilənən Ermənistana ABŞ 5,4 milyon dollar, Avropa Birliyi 92 milyon avro, Rusiya texniki, Çin tibbi-texniki, Bolqarıstan və Litva humanitar, Gürcüstan tibbi, İran yük daşımaçılığında yardım edib.
Gələk Azərbaycanın etdiyi yardımlara... Bu sırada ölkəmizin hər dəfə 5 milyon dollar olmaqla iki dəfə yardım ayırdığı (ümumilikdə 10 milyon dollar) Ümumdünya Səhiyyə Təşkilatı, 5 milyon dollar yardım etdiyi İran, habelə Çin, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldova da daxil olmaqla cəmi 30 ölkə qərarlaşıb.
Ermənistan isə heç bir ölkəyə yardım etməyib.
Pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazının kəsilməsi halı baş verməyib. Əksinə, əhaliyə verilən elektrik enerjisinin limiti artırılıb, yaşayış binalarının istilik təchizatının müddəti aprel ayının sonunadək uzadılıb.
Ermənistanda pandemiya dövründə 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsilib.
Azərbaycanda xəstəxanaların sayı 570, ambulatoriya-poliklinika müəssisələrinin sayı 1726, çarpayı sayı 44 min 45 ədəd, hər 10 min nəfərə düşən çarpayı sayı 44, infeksion xəstələr üçün çarpayı 2541, həkimlərin sayı 31800, orta tibb işçilərinin sayı 55,9 min, 10 min nəfərə düşən orta tibb işçisi 54, Ermənistanda xəstəxanaların sayı 130, ambulatoriya-poliklinika müəssisələrinin sayı 504, çarpayı sayı 12 153, hər 10 min nəfərə düşən çarpayı sayı 41, infeksion xəstələr üçün çarpayı 624, orta tibb işçilərinin sayı 18649, 10 min nəfərə düşən orta tibb işçisi 42-dir.
Göründüyü kimi, bu müqayisəli rəqəmlər real vəziyyəti ortaya qoyur. Bir daha görmək olur ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilir.
Azərbaycanla Ermənistan arasında test sayının müqayisəsi də çox şeydən xəbər verir. Belə ki, ölkəmiz adambaşına testlərin sayına görə qabaqcıl yerlərdədir. Ancaq Ermənistanda testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Ermənistan əhalisinin sayının Azərbaycan əhalisinin sayından 5 dəfə az olduğunu nəzərə alsaq, mənzərə tam aydın olar. Bu müqayisə Azərbaycanda koronavirusa yoluxanların, müalicə olunub sağalaraq evə buraxılanların, aktiv koronavirus xəstələrinin və vəfat edənlərin sayı ilə Ermənistandakı müvafiq göstəricilər arasında kəskin fərqin mövcud olduğunu aydın şəkildə ortaya qoyur.
“Koronavirus kimin itidir” deyən Paşinyan indi əhalinin maska taxmamasından gileylənir
Feysbukda canlı yayım açmağı az qala amalına çevirən Ermənistanın Baş naziri Nikol Paşinyan pandemiya ilə bağlı ölkədəki vəziyyət barədə məlumat verərkən deyib ki, ölkədə xəstəlik simptomlarını büruzə verməyən minlərlə xəstə var, onlar və digərləri özlərini qorumasalar, yoluxanların sayı kəskin şəkildə artacaq. Yoluxma halları artdıqca səhiyyə sistemi bunun öhdəsindən gələ bilməyəcək və xüsusilə ağır vəziyyətdə olan xəstələrin sağlamlığı təhlükə ilə qarşılaşacaq, xəstəxanalarda yer olmayacaq. Paşinyan qeyd edib ki, pandemiyanın nəzarətdən çıxdığı təqdirdə ölkədə “total təcrid” elan oluna bilər. Ancaq Ermənistan hökumətinin pandemiyanın qarşısını almaq üçün gördüyü tədbirlər “qaş düzəltdiyi yerdə göz çıxarmağa” bənzəyir. Belə ki, vətəndaşların sağlamlığını qorumaq üçün karantin rejiminin gücləndirilməsinə paralel olaraq onların sosial-iqtisadi problemləri də artır, dövlət ciddi maliyyə itkilərinə məruz qalır. Ölkədə hər gün 500-700 arası insan koronavirusa yoluxur. Onların 5 faizi xəstəliyi ağır keçirir ki, bu da olduqca ciddi rəqəmdir. Səhiyyə bu qədər insana xidmət edə bilmir.
Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı son günlərdə Paşinyan KİV-də hədəf seçilib və onun məsuliyyət daşıdığı bildirilir. Bu xəbərlərdə əsasən pandemiyanın ilk ayında Paşinyanın məsələyə münasibəti bu cür izah edilir:
Ermənistan müstəqilliyini elan edəndən bu günə qədər bütün demokratiya çağırışlarına baxmayaraq qərarları bir nəfər-prezident, indi isə baş nazir Paşinyan verir, kollektiv qərarvermə mexanizmi ölkədə heç bir zaman olmayıb;
Böyük ehtimalla yaxın gələcəkdə Paşinyan siyasi məsuliyyəti baş nazirin müavini Tiqran Avinyana və Səhiyyə naziri Arsen Torosyana yükləyəcək;
Mart və aprel aylarında qonşu ölkələr pandemiyaya qarşı tədbirlər həyata keçirərkən Paşinyanın başı siyasi rəqibi, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq üçün konstitusiya referendumu keçirməyə qarışmışdı.
Paşinyan koronavirusla bağlı “Koronavirus kimin itidir?”, “Maska taxmağa ehtiyac yoxdur” kimi məsuliyyətsiz ifadələrdən istifadə edirdi. İndi isə o, əhalinin maska taxmadığından gileylənir.
May ayının ortalarında hökumət inşaat sektorunun, bəzi iaşə və ticarət obyektlərinin işləməsinə icazə vermişdi;
Virus səbəbilə ölənlərin məsuliyyəti vaxtında ciddi tədbirlər almadığı üçün birbaşa Paşinyan daşıyır.
Ermənistanda ən sadə tibbi ləvazimatlar çatışmır
Ermənistan mətbuatı onu da xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində ölkədə koronavirusun test edilməsi üçün istifadə edilən test çubuqları ilə bağlı çatışmazlıq yaşandığını qeyd edib. Pandemiyanın sürətlə yayıldığı bu mərhələdə ən sadə tibbi ləvazimat olan test çubuqlarının olmaması diqqətə alınarsa, xəstəliyə qarşı daha səmərəli mübarizə aparmaq üçün müasir tibbi avadanlıqlarla bağlı vəziyyəti təsəvvür etmək mümkündür.
Keçmiş baş nazir isə hökumətin uğursuzluqlarını başqa cür ört-basdır etmək istəyir
1993-1996-cı illərdə Ermənistanın baş nazir olmuş Hrant Baqratyan isə Ermənistanda koronavirusun geniş yayıldığı dövrdə televiziya kanallarının birində verdiyi müsahibədə belə deyib: “Mən Əliyevin yerində olsam 3-4 ay sonra Ermənistan və Qarabağa hücum edərəm”. Bu ifadə erməni ictimai rəyində ciddi narazılığa səbəb olub. Aparıcının “Siz faktiki olaraq Azərbaycan ilə müharibədən danışırsınız?” sualına cavab verən Baqratyan koronavirus səbəbi ilə ölkənin zəiflədiyini, bu səbəblə də Azərbaycanın sadəcə Qarabağa deyil, Ermənistana da hücum edə biləcəyini bildirib. Baqratyan bu ifadəsindən sonra təhdidlər alır, bəzi “vətənpərvərlər” onu ölümlə hədələyir. Baqratyanın bu sözləri pandemiyanın geniş yayıldığı mərhələdə hökumətin uğursuzluqlarını ört-basdır eləmək üçün gündəmi dəyişmə ehtimalı olsa da, Azərbaycanı müharibəyə başlamaq istəyən tərəf kimi göstərmək istəməsi də ola bilər.
Yeqizaryan: “Artıq koronavirusa yoluxanların sayı o qədər artıb ki...”
Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşəcəyi ehtimalı daha da artır və ekspertlər bu barədə fikirlərini bildirirlər.
Ölkənin sabiq İqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, yenidən 14 günlük karantin elan edilərsə, ölkə iqtisadiyyatı 700 milyon dollar itirəcək və böyük ehtimalla bu zaman iqtisadiyyatın yenidən canlanması ciddi problem olaraq hökumətin qarşısına çıxacaq. Sabiq nazir bildirir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, görülən karantin tədbirləri belə arzuolunan nəticəni verməyəcək. Yeqizaryanın sözlərinə görə, son aylarda hökumətin tətbiq etdiyi anti- böhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir. “Ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir. Yenidən iki həftəlik karantin tədbirləri alınarsa və pandemiyanın qarşısı alınmadığı təqdirdə karantin uzadılarsa, ölkənin zərəri ikiyə vurulacaq, yəni 1 milyard 400 milyon dollar olacaq”, - deyə Yeqizaryan bildirib.
Siyasi təhlilçilər onsuz da Ermənistanda payıza doğru vəziyyətin gərginləşəcəyini bildirirdilər. Amma proseslər bu gərginliyin daha tez baş verəcəyini labüd edir. Bu gərginlik təkcə pandemiya ilə bağlı olmayıb, həm də əhalinin maddi rifah halının pisləşməsi, ölkə iqtisadiyyatının çökməsi və bunun nəticəsində işsizliyin xeyli dərəcədə artması ilə müşayiət olunacaq. Bütün bunlar isə yağlı vədlərlə hakimiyyətə gələn, əvəzində ciddi uğurlara imza ata bilməyən Nikol Paşinyanın tezliklə gəldiyi kimi də yola salınmasına gətirib çıxara bilər.