Karantin rejimi yumşaldıldıqdan sonra koronavirusa yoluxanların sayı kəskin artdı. Bunun qarşısını almaq məqsədilə respublikanın baş infeksionisti belə bir təkliflə çıxış etdi ki, Bakıda əhalinin sıxlığını azaltmaq, insanların rayonlara buraxılmasını təşkil etmək lazımdır. Sitat: “Paytaxtda əhali azalsa, ictimai nəqliyyatda sıxlıq olmasa, yoluxma da azalacaq”. Doğrusu, belə bir məsuliyyətli bəyanatın Operativ Qərargahla razılaşdırılıb-razılaşadırılmadığı bəlli deyil, digər tərəfdən, onun ictimai rəyi öyrənmək üçün bir test olduğunu düşünmək də çətindir. Çünki baş infeksionist Qərargahın üzvüdür və bəllidir ki, hökumət karantin dövründə əhalini yaşadığı yerdə qalmağa çağırır.
Teleqraf.xom xəbər verir ki, bu sözləri Parlamentin bugünkü iclasında İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, Azərbaycanın çarizm, sovetlər və müstəqillik tarixində belə bir əməliyyat- əhalinin mərkəzdən əyalətlərə kütləvi, məcburi köçü həyata keçirilməyib. Biz deportasiyadan danışmırıq. O cümlədən, COVID-19-un tüğyan etdiyi ən böyük xarici paytaxt şəhərlərində də bənzər tədbirlərə gedilməyib. Baxmayaraq ki, iri meqapolislər - Nyu York, Bavariya, Milan kimi böyük şəhərlərdə yaşayan insanların əyalətlərə, kənd bölgələrinə təbii axını xeyli artıb, lakin onun rəsmi qərarla təşkil edilməsi nümunəsi mövcud deyil. Bəs, gerçəkdənmi pandemiyanın qeyri-bərabər yayıldığı Azərbaycan şəhərlərində paytaxtın yükünü bölgələrlə paylaşmaq mümkündür? Məsələnin iqtisadi, sosial,maliyyə və təşkilati mürəkkəbliyini bir kənara qoyuruq, lakin əsrlər boyu formalaşan vəziyyəti bir qərarla məcburi şəkildə, özü də müvəqqəti bir tədbir kimi həyata keçirmək qeyri-mümkün görünür. Onun məsuliyyətini hər hansı məmurun üzərinə götürəcəyi real deyil.
Bildiyiniz kimi, 200 il əvvəl Bakının əhalisi o vaxtkı rəsmi statistikaya görə cəmi 5009 nəfər idi. Üstündən 100 il keçəndən sonra 1917-ci ildə artıq əhali 300 min nəfərə çatmışdı. İndiki demoqrafik göstərici isə hər birinizə bəllidir-rəsmi olaraq, 2.3 milyon sayılsa da, faktiki yaşayanların sayı bundan xeyli çoxdur. Halbuki, Bakının ərazisi respublikamızın ümumi sahəsinin 2.5 faizini təşkil etsə də, ölkə əhalisinin 35 faizə yaxını paytaxtda məskunlaşıb. Bu tendensiya müstəqillik illərində az qala ikiqat artıb”.
O daha sonra qeyd edib ki, bizə son 30 ildə Qərb və “demokratik” dairələrin əli ilə ittiham etdiyimiz sovet keçmişimiz ayrı bir reallığı qoyub getmişdi. Bolşeviklərin və kommunistlərin dövründə -70 ildə Azərbaycanda kəndlərin sayı 3800-dən çox artmışdı, o cümlədən, rayonlar 4 dəfə artaraq, böyük bir respublika-müstəqil dövlətimizin geniş, güclü inzibati, iqtisadi və sosial əsasları formalaşmışdı. Kənddə mütəxəssis kadrlar, mədəni obyektlər və sənaye potensialı yaranmışdı:
“Təəssüflər olsun ki, müstəqillik illərində daxili miqrasiyanın istiqaməti elə olub ki, bir çox kəndlərdə boşalma gedib. Halbuki, sovet kəndi, bu məfhum bir qədər yaşlı insanlarımızın-ata babalarımızın əli ilə xam torpaqlarda yaradılan abadlıq, quruculuq, maddi nemətlər bollluğu demək idi. Sovetlər dövründə biz ümumdaxili məhsulun 40 faizini kənd və kənd rayonlarında istehsal edirdik. İndi isə bu rəqəm 5 faizə yaxındır. Biz sovet kəndlərinin əvəzinə müstəqilliyimizin kəndlərini hələ tam arzuladığımız kimi yarada bilməmişik. Ötən iclasda iki kəndin şəhərə çevrilməsinin qərarını verdik, çünki buna iqtisadi-sosial əsaslar vardı. Bununla yanaşı, biz nəinki yeni kəndlərin yaradılması qərarını, eləcə də olanları qorumağı bacarmalıyıq. Bizi təkcə pandemiya deyil, eləcə də əhalimizin artması vadar etməlidir ki, virusla mübarizə bitən kimi müxtəlif dövlət proqramları sayəsində əhalinin kəndə qayıdışı, yaxud orada yaşayanları qoruyub saxlanmağı təmin edə bilək. Güclü dövlət olmaq üçün bizə abad, canlı, məskun, müqəddəsliyi özünə qayıtmış kənd lazımdır. Əgər belə olsaydı, indi baş infeksioinistin arzulamadığı sıxlıq təbii şəkildə ortadan qalxar, əhali ölkə üzrə proporsional paylanardı. Biz inanırıq ki, pandemiyadan sonrakı Azərbaycan dövlətinin yeni iqtisadi-sosial siyasəti məhz belə olacaq”.