19 İyun 2020 22:15
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş verənlər əsl hakimiyyət böhranıdır. Nikol Paşinyan öz imicini ciddi surətdə zədələyib. Reytinqi sürətlə aşağı düşməkdədir. Tərəfdarları arsında istefa verənlər var. Üstəlik, xalqın ona olan etimadı ciddi surətdə zəifləyib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bu fonda rəsmi Moskva ona qarşı olan rusiyameyilli qüvvələri birləşdirən “Vətən” adlı partiya yaradıb və sürətlə bu partiyanın təşkilatlanması aparılır:

“Üstəlik həbsdən çıxan Robert Köçəryan da öz tərəfdarlarını həmin partiyanın ətrafında birləşməyə çağırıb. Nəticə etibarilə Qarabağ klanı, yeni formalaşan partiya, Serj Sərkisyanın tərəfdarları, həbs edilən Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının üzvləri anti-Paşinyan blokunda birləşməyə başlayıblar. Ümumiyətlə, Sarukyanın həbsi ölkədə çox böyük əks-sada doğurub. Çünki onu parlamentin iclasından çıxan kimi həbs ediblər. Sarukyanın özünün verdiyi məlumata görə onun istintaq işi ilə 120 müstəntiq məşğul olur. Ölkədə doğrudan ciddi rezonans doğuran bu məlumat Paşinyanın reytinqinə də ciddi zərbə vurub. Belə görünür ki, ölkədə gərginlik yüksələn xətt üzrə artmaqda davam edəcək və üzü payıza doğru Paşinyanın vəziyyəti daha kritik olacaq. Hətta onun istefaya gedə biləcəyi, hakimiyyətdən uzaqlaşa biləcəyi barədə proqnozların verilməsinə başlanılıb”.

Politoloq bildirib ki, bunu duyan Paşinyan cəza tədbirlərinə əl atıb:
“O, dünən küçə yürüşləri keçirən insanlara qarşı gücləndirilmiş polis qüvvələrindən istifadə edib. Daha bir neçə nümayiş iştirakçısını həbsə atıb. Dünənədək demokratiyadan dəm vuran Paşinyanın bu gün diktator xarakterli hərəkətlərə əl atması camaatı daha da qəzəbləndirib”.

Müsahibimiz əlavə edib ki, diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanda ən kiçik xətalara belə reaksiya verən insan hüquqlarını qoruyan Qərb təşkilatları Ermənistanda baş verən bu hadisələrlə bağlı susqunluq nümayiş etdirir, cınqırlarını da çıxarmırlar:

“Beləliklə, bu təşkilatlar yenə də ikili standartlardan çıxış edir. Ermənistanda insan hüquqlarının pozulmasına, insanların sadəcə öz hüquqlarını reallaşdırmaq istədiklərinə görə həbsə atılmalarına əsla reaksiya vermirlər. Bütün bunlar onu göstərir ki, Qərb ölkələri yenə də amerikalı iş adamı Corc Sorosun yetirməsi olan Paşinyanı müdafiə edib vəziyyətdən çıxaracaqlarına bel bağlayırlar. Amma bu kifayət qədər real görünmür. Hər halda baş verənlərdən belə nəticə çıxarmaq olar ki, üzü payıza doğru Ermənistanda doğrudan da çox kritik xarakterli qarşıdurmalar, həyəcanlı anlar yaşana bilər və yaşanacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər