Milli Məclisin bugünkü iclasında Cinayət Prosessual Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Məcəllənin 521-ci maddəsinə əlavə təklif olunur.
Layihədə yazılır ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.
Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndərilir.
Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tələb olunan zəruri tədbirləri görməlidir.
Hazırda Məcəllənin 84.9-cu maddəsində yazılır ki, prokuror Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina edə bilər.
Prokuror bu qaydalara riayət etməklə bəzi hüquqlara da malikdir.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yuxarı prokurorun göstərişlərini yerinə yetirməlidir.
Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair yuxarı prokurorun göstərişləri ilə razı olmayan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməkdə haqlıdır.
Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və öz yazılı göstərişlərini geri götürür.
Əks təqdirdə, onun dəlilləri ilə razılaşmayaraq, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi digər prokurora tapşırır.
Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.
Qanun layihəsinə əsasən isə, prokurora daha bir hüquq verilir. Təklif olunan 84.6.9-1-ci maddəyə görə, prokuror şəxsə irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsifini təklif edə bilər.
Həmçinin prokurora şəxsə irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ verilir.
Layihə səsə qoyularaq qəbul edilib.