25 İyun 2020 15:32
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mili Məclisin 19 iyun tarixində keçirilən iclasında Neftçalada su problemi haqqında çıxış etdim. Ondan sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov mənə zəng etdi. Bildirdi ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Neftçalaya şirin su çəkmək üçün maliyyə ayrıldı. Sonra Sərəncama uyğun işə başlandı. Qorxmaz Hüseynov Neftçalaya su çəkilməsi üçün əvvəlcə Səlyanda böyük su anbarının tikilməli olduğunu dedi. Əlavə etdi ki, Neftçalaya qədər olan yolüstü kəndlərə də şirin su veriləcək.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlı əlavə edib ki, deputat seçildiyi rayonda su prolemi haqqında çıxış və açıqlamalarından sonra məsələyə rəsmi dairələrdən də müəyyən reaksiyalar olub.

Onun sözlərinə görə, Prezident Administrasiyasından da onunla əlaqə saxlanılıb və bildirilib ki, problemin həllinə dair tapşırıq verilib:

“O cümlədən, Prezidentin tapşırığı ilə Mingəçevir su anbarında suyun səviyyəsi 15 santimetr artırılıb”.

Xalq şairi bildirib ki, Maliyyə naziri Samir Şərifovdan da müvafiq məktub alıb:

“İyunun 19-da Samir Şərifov Milli Məclisdə olub və çıxışımı dinləyib. O da məktubunda qeyd edib ki, ötən ilin dekabr ayında şirin su probleminin həlli üçün pul, sonradan əlavə maliyyə də ayrılıb. Maliyyə nazirliyi bu proseduru həyata keçirib. Qeyd edim ki, rayondan da müəyyən reaksiyalar gəlir. Hazırda bu istiqamətdə işlər aparılır. Artıq şirin su demək olar ki, Qaramanlı kəndinə qədər gəlib çatıb”.

Sonda Sabir Rüstəmxanlı qeyd edib ki, həm Prezident Administrasiyasının, həm “Azərsu”nun, həm də Maliyyə Nazirliyinin müvafiq reaksiyaları müsbət hadisədir və bu, onu göstərir ki, yüksək səviyyədə operativlik var:

“Bu, onu göstərir ki, hər kəs öz tərəfindən lazım olan işləri görür”.

Müsahibimiz qeyd edib ki, əslində su problemi yalnız onun deputat seçildiyi Neftçala rayonu ilə bağlı deyil:

“Digər deputatlar da su problemini qaldırıb. Bilirsinizmi, içməli su ilə bağlı beynəlxalq anlaşmalar var. Sərsəng su anbarı indi işğal altındadır. Amma o, təkcə Qarabağın su anbarı deyil. Sərsəng su anbarı Azərbaycanın sərvətidir və bu anbarı Azərbaycan dövləti tikib. İndi necə olur ki, bu ərazi işğal edilib və biz su problemi ilə üz-üzə qalmışıq. Mən bildiyim qədər Azərbaycan tərəfi beynəlxalq təşkilatlarda bu məsələni qaldırıb. Amma təəssüflər olsun ki, indiyə qədər həmin məsələ həll edilməyib. Bəllidir ki, bizdə şirin su problemi qalacaq və bunu ancaq Kür çayı ilə həll etmək mümkün deyil. Çünki Kür quruya bilər. Hazırda çayın suyu qurumaqdadır".


Müəllif: Cavad

Oxşar xəbərlər