10 İyul 2020 13:10
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı dünyanı bürüyən COVİD-19 pandemiyası, ölkəmizdə bu virusa qarşı aparılan preventiv tədbirlər, siyasi partiyaların karantin şəraitində fəaliyyəti, yeni siyasi konfiqurasiyanın inkişafı və iqtidar-müxalifət siyasi dialoqu barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, eləcə də Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində COVİD-19 pandemiyası ilə mübarizə mövzusunda videokonfrans formatında zirvə görüşlərinin keçirilməsi yüksək dəyərləndirilib.

Qeyd olunub ki, bu gün ölkəmizdə COVİD-19 pandemiyası dövründə ölənlərin sayı minimal səviyyədədir. Cənab Prezident tərəfindən qəbul edilmiş müvafiq qərarlar nəticəsində koronavirusa yoluxmuş şəxslərin müalicəsi ödənişsizdir, müvafiq 10 müasir modul tipli xəstəxana tikilib, zəruri tibbi avadanlıqlar alınıb, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanılıb, həmçinin iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün dövlət dəstək proqramı həyata keçirilib.

Fuad Əliyev qeyd olunan məsələləri yüksək qiymətləndirib və əlavə edib ki, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə gördüyü işlər nümunəvidir.

Bundan əlavə görüşdə siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsinə ciddi zərurət olduğu qeyd edilib. Vurğulanıb ki, yeni formalaşan Milli Məclisdə müxalifət partiyalarının da rəhbər orqanlarda təmsil olunması məhz siyasi partiyaların fəaliyyətinə dair yeni qanunvericilik aktlarının daha effektiv olacağına ümid etməyə ciddi əsaslar verir.

Daha sonra Ədalət Vəliyev və Fuad Əliyev arasında iqtidar-müxalifət siyasi dialoqunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Bu barədə ətraflı danışan Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölmənin yaradılmasını ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini qeyd edib. O bildirib ki, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində və ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub. Ədalət Vəliyev qeyd edib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev ölkədə yaradılmış yeni siyasi konfiqurasiyanın formlaşmasını yüksək qiymətləndirib. Bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olacağını bildirib. Ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının vacibliyinin qeyd edib.

Həmçinin bir neçə gün bundan əvvəl qeyd olunan mövzularla əlaqədar olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin videokonfrans formatında keçirilən müşavirəsi barədə danışılıb. Bu cür toplantıların daha geniş formatda keçirilməsinin önəmli olduğu vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər