Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun virtual iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda işçi qrupun sədri Cavanşir Feyziyev, Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə, Britaniya parlamentində Azərbaycan üzrə işçi qrupun sədri Bob Bləkmən və qrupun Böyük Britaniyadan olan digər üzvləri iştirak ediblər.
Görüş zamanı son iki gün ərzində Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatlar haqqında britaniyalı deputatlara ətraflı məlumat verilib və Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi diqqətə çatdırılıb. Bob Bləkmən Ermənistanın əməllərinin yolverilməz olduğunu söyləyib və Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd edib.
Görüşdə iştirak edən digər deputatlar Lord Evans, Katerin Vest və başqaları Ermənistanın məhz indi – pandemiya dövründə təxribat törətməsinin səbəbləri, qonşu dövlətlərin, eləcə də beynəlxalq qurumların baş verən hadisələrə münasibəti, Azərbaycanda pandemiya ilə bağlı aparılan işlər və cari vəziyyət haqqında suallar veriblər.
Cavanşir Feyziyev britaniyalı həmkarlarına bildirib ki, sülh danışıqlarının gedişatında Ermənistanın bu cür təxribatçı addımlar atması birinci dəfə deyil. Münaqişənin sülh yolu ilə həlli üçün bütün prinsiplər ortada olsa da, Ermənistan hər dəfə danışıqlar prosesinə bənzər şəkildə zərbə vurur və danışıqlar prosesini pozur, beləliklə də mövcud status-kvonun mümkün qədər uzadılmasına və işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına çalışır. Deputat qeyd edib ki, erməni hərbi birləşmələri bir qayda olaraq sərhədboyu kəndlərimizdə yaşayan mülki əhalini hədəfə alır və hazırda Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə yerləşən hissələri düşmənin mülki əhaliyə hücumlarının qarşısını almaqla məşğuldur.
Səfir Tahir Tağızadə Ermənistan tərəfindən son iki gündə Tovuz rayonunda törədilən təxribat və Azərbaycanın cavab addımları ilə bağlı ətraflı məlumat verərək vəziyyətin gərgin olaraq qaldığını və buna görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu bildirib. Səfir artıq Azərbaycan daxilində və beynəlxalq ictimaiyyət tərəfindən reaksiyaların başladığını nəzərə çatdıraraq mövcud vəziyyətin müharibəyə çevrilmə ehtimalının mümkünlüyünü də ifadə edib. O bildirib ki, Azərbaycan mümkün olduğu qədər Ermənistanın təxribatlarına getməməyə və regionda sülhü qoruyub saxlamağa çalışsa da, Ermənistanın bu cür destruktiv addımları nəticəsində əhalinin baş verənlərə münasibətdə emosiyalarını nəzarətdə saxlamaq getdikcə çətinləşir.
Görüş zamanı, həmçinin Azərbaycanda aparılan islahatlar, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən atılan addımlar, pandemiyaya qarşı mübarizədə əldə edilən uğurlar, eləcə də bu istiqamətdə Azərbaycan tərəfindən irəli sürülən beynəlxalq əməkdaşlıq təşəbbüsləri haqqında geniş fikir mübadiləsi aparılıb.
Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə beynəlxalq hüquqa əsaslanan mövqeyi yüksək qiymətləndirilib və onun regionda sülhə dəstək vermək üçün atdığı addımların bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşün sonunda Britaniya parlamentində Azərbaycan üzrə işçi qrupun üzvlərinin Azərbaycana səfər etmək imkanları müzakirə edilib və pandemiya ilə bağlı vəziyyətin normallaşacağı təqdirdə britaniyalı deputatların Azərbaycana səfərinin təşkil edilə biləcəyi qərara alınıb. İşçi qrupun növbəti videogörüşünün sentyabr ayında keçirilməsi tərəflər arasında razılaşdırılıb.
Qeyd edək ki, parlamentlərarası işçi qrupun Britaniya parlamentində 50-dən çox üzvü var. Həmin deputatların yarısından çoxu hakim Mühafizəkarlar Partiyasını, bir hissəsi Leyboristlər Partiyasını, bir hissəsi isə digər partiyaları təmsil edir. İşçi qrup Britaniya parlamentində ən çox üzvə malik qruplardan biridir.