"O ki qaldı, bizim xarici siyasətlə əlaqədar əsas prioritetlərimizə, qeyd etməliyəm ki, mən bu prioritetlər haqqında ictimaiyyətə kifayət qədər geniş açıqlama vermişəm. Bu gün bir daha demək istəyirəm, siz yeni nazir kimi bunu bir daha məndən eşitməlisiniz və Azərbaycan ictimaiyyəti də bunu bir daha eşitməlidir. Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün prioritetdir. Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir. Qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir. Biz bu siyasəti dostluq, mehriban qonşuluq prinsipləri əsasında qurmuşuq. Beləliklə, heç bir qonşu dövlətlə, təbii ki, Ermənistan istisna olmaqla, bizim heç bir problemimiz yoxdur. Keçmişdən qalan problemlər həll olunub. Bəzi hallarda bəzi ölkələrin dairələri süni şəkildə bəzi problemlər ortaya atmaq istəyirlər. Ancaq bunun da heç bir səmərəsi yoxdur".
Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
O bildirib ki, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri strateji xarakter daşıyır:
"Biz bir bölgədə yaşayırıq, biz qonşuyuq və bu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə xüsusi yer tutur və onların rahat yaşaması təbii ki, bizim üçün çox önəmlidir. Bu baxımdan da qonşu ölkələrlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Həm siyasi, həm iqtisadi, enerji, nəqliyyat, mədəniyyət - bütün sahələrdə bu münasibətləri yüksək qiymətləndirmək olar. Mən deyə bilərəm ki, bizim qonşularımızla münasibətlərimiz nümunəvi xarakter daşıyır. Çünki dünyada gedən proseslər onu göstərir ki, bəzi hallarda qonşular arasında münasibətlər problemli olur.
Bildiyiniz kimi, biz qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatında da fəaliyyət göstəririk. Onu da bildirməliyəm ki, bu üçtərəfli formatların təşəbbüskarı da biz olmuşuq. Bu gün bütün qonşularla müxtəlif konfiqurasiyada üçtərəfli əməkdaşlıq formatı icra edilir və bu, həm regional təhlükəsizliyə müsbət təsir göstərir, həm də iqtisadi, enerji, nəqliyyat layihələrinin icrasına gözəl zəmin yaradır. Ona görə, Xarici İşlər Nazirliyinin fəaliyyətində qonşu ölkələrlə münasibətlər bundan sonra da prioritet kimi qalacaq".