Elmar Məmmədyarov Xarici İşlər Nazirliyi (XİN) postunda olarkən cəmiyyət, media olaraq onun fəaliyyətindən narazı idik.
Teleqraf.com Musavat.com-a istinadən bildirir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı XİN-də yeni təyinatla bağlı danışarkən bildirib.
Media rəhbəri Prezident İlham Əliyev tərəfindən Ceyhun Bayramovun bu posta irəli çəkilməsinin çox uğurlu seçim olduğunu deyib:
“İki gün öncə keçirilən iclasda məlum oldu ki, cənab Prezident İlham Əliyev də Elmar Məmmədyarovun fəaliyyətindən razı deyil. Zaman-zaman şahidi olurduq ki, Məmmədyarov ölkə Prezidentinin müəyyənləşdirdiyi xarici siyasi hədəflər istiqamətində fəaliyyət göstərə bilmir. Bunun bir çox səbəbləri ola bilər. Düşünürəm ki, Məmmədyarov daha öncəki siyasi kursu ifadə edə bilirdi, ancaq Prezidentimizin artıq illər öncə elan etdiyi hücum diplomatiyasının aparıcı şəxsinə çevrilmək onun imkanları xaricində idi.
Ümumiyyətlə, Xarici İşlər naziri elə bir postdur ki, orada mütləq milli, vətənpərvər, eyni zamanda yüksək diplomatik keyfiyyətlərə malik şəxs oturmalıdır. XİN rəhbəri dövlətin qüdrətinə uyğun davranmağı və dövlətin beynəlxalq müstəvidə hüquqlarını qorumaq üçün lazım gəldikdə siyasi-hüquqi müstəvidə döyüşməyi bacarmalıdır. Bu baxımdan düşünürəm ki, Ceyhun Bayramov ümidləri doğruldacaq”.
Aynur Camalqızı Prezidentin son kadr islahatlarını çox diqqətlə izlədiyini vurğulayıb:
“Gəldiyim qənaət budur ki, o, yeni təyin etdiyi kadrların fəaliyyətini yaxından izləyir, analiz edir və sonda çox doğru qərar verir. Məsələn, YAP-ın Sahibə Qafarovanın Milli Məclisə sədr seçilməsi təşəbbüsü ilə çıxış etməsi cəmiyyət üçün gözlənilməz olmuşdu. Lakin sonradan da gördük ki, bu, YAP sədri olan Prezident tərəfindən çox böyük incəliklə, düzgün şəkildə qəbul edilmiş qərardır. Ceyhun Bayramovun da XİN-nə rəhbər təyin edilməsinin bu cür, eyni dəqiqliklə seçim olduğunu görürəm”.
Aynur Camalqızı yeni təyinatdan sonra XİN-də çox ciddi, yaxşılığa doğru dəyişikliklər, Azərbaycanın xarici siyasət kursunda, diplomatik fəaliyyətində müsbət nəticələr görəcəyinə inandığını deyib:
“Ceyhun Bayramov kifayət qədər müsbət imici olan bir kadrdır. Onun bundan əvvəl Təhsil naziri kimi fəaliyyəti də qənaətbəxş sayıla bilər. Ümid edirəm ki, yeni postunda da onun uğurlu fəaliyyətinin şahidi olacağıq”.
Aynur Camalqızı bir sahədə olan nazirin digər nazirliyə gətirilməsinin bəzən toplum tərəfindən birmənalı qarşılanmamasına da aydınlıq gətirib:
“Çox zaman bu cür müzakirələr gedəndə insanlar nəzərə almır ki, nazir hansısa postda çalışanda bütün işləri yalnız özü görmür. Onun ətrafında böyük və peşəkar komanda olur və o, həm də sahəsinin meneceri kimi çalışır. Yəni istənilən qabiliyyətli insanı istənilən sahəyə gətirəndə çox uğurlu nəticələr əldə etmək olar. Qonşu Türkiyədə, İsraildə bu cür təcrübələri görürük. Məsələn, İsraildə azərbaycanlıların da yaxşı tanıdığı və hörmət etdiyi, Azərbaycanın dostu olan Liberman müxtəlif nazirliklərə rəhbərlik edib. Və yaxud, Türkiyədə Xarici İşlər nazirinin Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunduğunu bilirik və s. Bu haqda türkiyəli deputatlara sual verəndə mənə cavab olaraq bildirmişdilər ki, nazir bütün işləri təkbaşına görmür, onun ətrafında böyük bir kollektiv dayanır və həmin komanda ilə birlikdə sahəsinə aid işləri həyata keçirir. Yəni bu baxımdan “Niyə Təhsil naziri XİN-ə rəhbər təyin oldundu?” suallarının indiki halda yeri yoxdur. Əsas odur ki, o şəxs etibarlı, işgüzar, Prezidentin müəyyən etdiyi kursa uyğun siyasət aparmağa qadir olsun”.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti Ilham Əliyevin sərəncamı ilə Elmar Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilib. Onun yerinə Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov təyin olunub.