"İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər".
Teleqraf.com xəbər verir ki, Bu fikirləri iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə ölkə başçısı bildirib:
Prezedent deyib ki, yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib:
"İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir.
Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?
Ona görə mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə - quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır".