24 İyul 2020 14:43
2 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada baş verən hadisələrlə əlaqəli Azərbaycan-Belçika Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Belçika Parlamentindəki həmkarım Tim Vandenput əlaqə saxladım. Baş vermiş hadisələrlə bağlı geniş müzakirə apardıq. Soydaşlarımızın son vəziyyəti, onlara necə köməklik edə biləcəyimizi müzakirə elədik.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Kamal Cəfərov bilidirib.

O qeyd edib ki, həm belçikalı həmkarı, həm də Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında Belçikada azərbaycanlılara hücum edən 17 erməninin saxlanıldığı bildirilir: "Məlumata görə, barələrində müvafiq tədbirlər görülür. Belçika Parlamentindəki həmkarımdan vəziyyəti nəzarətlərində saxlamaqlarını xahiş etdim. Hazırda Belçikanın hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar gedir”.

Kamal Cəfərov ölkəmizim Belçikadakı səfiri Fuad İskəndərovla da danışığını, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimat verildiyini söyləyib.

Deputat qeyd edib ki, dövlətimiz hər zaman soydaşlarımızın yanındadır:

“Belçikada azərbaycanlı gəncin ermənilər tərəfindən döyülmə səhnəsini izlədim. Aksiya zamanı ermənilər həmvətənlilərimizə qarşı təxribat törədiblər, hətta REAL TV-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızının başına daşla xəsarət yetiriblər”.

Deputatın fikrincə, radikal erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terrorçuluğu ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil:

“Terrorizm və nifrət cinayəti Ermənistanın dövlət siyasətidir. Erməni radikal ünsürlərinin azərbaycanlı icmaların üzvlərinə qarşı nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik”.


Müəllif: Tapdıq Qurbanlı