24 İyul 2020 21:48
3 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr Türkiyədə yaxından izlənilir. Ermənistan sərhəd rayonu Tovuz istiqamətində planlı şəkildə təxribat əl atıb. Bu addımıyla Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll olunmasına əngəl yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Siyasi Araşdırmalar Mərkəzinin (TASAV) koordinatoru Yalçın Sarıqaya Tovuz təxribatını şərh edərkən deyib. O bildirib ki, Ermənistanın Tovuzda təxribat cəhdi Ankaranın qəzəbinə səbəb olub:

“Strateji əhəmiyyət kəsb edən Tovuz Türkiyə sərhədinə çox yaxındır. Kritik bir vəziyyət yaranarsa, Türkiyənin müdaxilə edəcəyini Ermənistan tərəfi anlamalıdır. ATƏT-in Minsk Qrupundan hər hansı bir ümid qalmadığını görən Azərbaycanın haqlı narazılığı Türkiyə üçün də keçərlidir. Dağlıq Qarabağ probleminin həllinin uzadılması Türkiyə dövləti ilə yanaşı, ictimaiyyətini də narahat edir. Türkiyə Böyük Millət Məclisi Ermənistan dövlətinin Tovuz istiqamətindəki təxribatını kəskin qınayan bəyanat yaydı. HDP-nin bu bəyanatda yer almaması türk siyasətində kimlərin təmsil olunduğunu aydın nümayiş etdirir. Türkiyənin cənub-şərqində yaşayan kürd əsilli türk vətəndaşlarımız da Azərbaycanın yanındadır və Azərbaycanın uğurunu dəstəkləyir”.

Yalçın Sarıqaya dünyanın müxtəlif ölkələriylə yanaşı, Türkiyədə də Azərbaycana dəstək mitinqlərini həyəcanla izlədiklərini bildirib:

“İqdır bölgəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və Orduya dəstək məqsədilə yürüş-mitinq təşkil olunub. Türkiyənin hər yerindən əlliyə yaxın QHT və siyasi partiya, o cümlədən Türkiyə-Azərbaycan dostluq dərnəkləri və digər ictimai təşkilatlar tərəfindən dəstək verilib”.


Müəllif: Teleqraf.com