29 İyul 2020 09:43
2 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı jurnalistə deyir ki, Qafqazda sabitliyi pozan Türkiyədir və bu dövlət erməni soyqırımını davam etdirmək fikrindən geri çəkilməyib. Onu da iddia edir ki, SSRİ dağılandan sonra Türkiyə Qafqaza nəzarəti ələ keçirmək niyyətini reallaşdırmağa başlayıb və s. Bu da bunların ağıllısı. Amma hər şeyi sadə qəbul etməyək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, Paşinyanın bu fikirləri göstərir ki, ermənilər heç vaxt özlərini Rusiyanın kölgəsindən kənarda görməyəcəklər və bu da təbiidir:

“Çünki ermənilərin Qafqaza köçürülməsi həm də onların bölgədəki əsas rolunu müəyyənləşdirmək olub: bütün qonşu dövlətlərə qarşı Rusiyanın aləti olmaq. Son 200 ildə olduqları kimi.

Amma bu, təkcə Rusiyanın siyasəti deyil, həm də maraqların üst-üstə düşməsidir: Rusiyanın bölgədəki strategiyası ilə erməni dövlətinin fəlsəfəsinin və ən əsası da motivasiyasının üst-üstə düşməsi. Yəni, Ermənistan yaranana kimi erməni kilsəsi nəyi edirdisə, müasir erməni dövləti də onu davam etdirir.

Başqa sözlə, öz xalqını assimilyasiyadan, yox olmaqdan qorumaq üçün ona yüzilliklər boyu bütün qonşu xalqlara qarşı nifrət aşılayaraq düşmən edən kilsə idisə, bu gün həmin missiyanı erməni dövləti davam etdirir. Bəli, bu, siyasət deyil, missiyadır”.

Ərəstun Oruclu bildirib ki, ermənilərlə dinc qonşuluq, sülh, əməkdaşlıq kimi söhbətləri unutmalıyıq:

“Bunların heç zaman (ən azı davamlı) olmayacağını qəbul etmək üçün az da olsa, erməniliyin mahiyyətini və onun tarixini öyrənmək lazımdır. Bunu anlamayıb xülyalara qapıldıqca məğlubiyyətlərimiz də davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu