UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağının” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib.
Bunu Teleqraf.com-a XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.
UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib.