14 Avqust 2020 09:19
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri təbii strateji müttəfiqlik ruhuna malikdir. Burada “təbii” təyinindən ona görə istifadə edirəm ki, şübhəsiz, prezidentlərin, nazirlərin mövqeyi, addımları, gördükləri işlər hamısı dəyərlidir. Amma münasibətlərin ruhunda təbii olaraq strateji müttəfiqlik potensialı var. Bunu yüz illər boyunca fərqli rəqabət aparan güclərin parçası olmaq, Səfəvi-Osmanlı, çar Rusiyası-Osmanlı rəqabəti, yaxud SSRİ-Türkiyə münasibətləri dəyişə bilməyib. Çünki iki cəmiyyət, iki coğrafi ərazidə yaşayan insanlar bunu ruhlarında hiss edir.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.

O qeyd edib ki, bu, eyni kökdən gəldiyimiz üçün bir qədər anlaşılandır, amma həm də izahı çətin olan qəribə ruhi bağlantı da var:

“Bu təbii strateji müttəfiqliyin yaranmasında XX əsrin əvvəlindəki və sonundakı aydınların və siyasətçilərin mövqeyini, xüsusi rolunu qeyd etmək lazımdır. Təbii strateji müttəfiqliyi qərar qəbul edənlər doğru siyasi, iqtisadi və sair addımlarla dəstəkləyiblər. Bunun zirvəsi kimi biz 16 avqust 2010-cu ildə imzalanmış “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqaviləni və 15 sentyabr 2010-cu ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasını qeyd edirik. Ora qədərki xətt onsuz da strateji əməkdaşlığın ruhunu daşıyırdı. Deyək ki, 2001-ci ildə İran “Araz”, “Alov”, “Şərq” yataqlarına görə Azərbaycanı hərbi şəkildə hədələyəndə də Türkiyə Azərbaycana hərbi dəstəyini göstərmişdi. Buna misal olaraq “Türk ulduzları”nın Bakıdakı nümayişini, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana gəlməyini, Türkiyənin İrana birbaşa nota verməsini göstərə bilərik. Çox nadir hallarda olur ki, Türkiyə bir dövlətin digər dövlətlə münasibətinə görə hansısa tərəfə nota verir. Bu nadir hallardan biri bizim üçün yaşanmışdı. Yəni, bunlar var idi. Amma 2010-cu ildə artıq bunun necə deyərlər, möhürü də vuruldu. Ondan öncə də imzalanmış sənədlər var. Amma 2010-cu ildəki o iki addım bu işin tam möhürünü vurdu. Ondan sonra da hərbi təlimlər başladı”.

Araz Aslanlı deyib ki, bu, işin bir tərəfidir. İkinci tərəfi isə Azərbaycan və Türkiyənin nə XX əsrin əvvəlində, nə də XX əsrin sonlarındakı kimi bir vəziyyətdə olmamasıdır:

“XX əsrin əvvəlində də Türkiyəni Sevr müqaviləsi ilə bölməyə, parçalamağa çalışırdılar, I Dünya müharibəsindən məğlub çıxmışdı. Azərbaycan cəmi 23 ay yaşaya bildi. XX əsrin sonlarında da Azərbaycan müstəqillik mübarizəsi ilə ərazi bütövlüyü problemini eyni vaxtda yaşayır. Türkiyə “Soyuq müharibə”dən sonrakı dövrə tam adaptasiya ola bilmir, bir qədər qeyri-müəyyənlik yaşanır. Amma XXI əsrin əvvəli XX əsrin əvvəlindən və sonundan fərqli olaraq Azərbaycan regionda güclü dövlət, Türkiyə regionda güclü dövlət və qlobal iddialarla çıxış etməyə başlayan dövlət... Bu məqamların üst-üstə düşməsi vəziyyəti bir qədər dəyişdirir. Son hərbi təlimlər, məsələn 1998-ci ildə olsaydı, bugünkü mənanı ifadə etməyəcəkdi. Hətta 2000-ci ildə olsaydı, yenə ifadə etməyəcəkdi. Türkiyə bu gün siyasi və hərbi mənada qüdrətli dövlətdir. Obyektivlik üçün qeyd etmək lazımdır ki, bir az iqtisadi problemləri var, amma o iqtisadi problemlərin də öhdəsindən gəlməyə çalışır. Bir də Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrəti var. Təbii ki Türkiyə ilə eyni deyil. Azərbaycan qlobal güc deyil. Azərbaycan regionda kiçik bir dövlətdir. Yaxşı halda regionun lideri ola bilər ki, o yaxşı hal da olub. Regionun lideridir. Yəni bu iki ölkənin indiki hərbi təlimləri və münasibətləri xüsusi məna daşıyır”.

Siyasi ekspert vurğulayıb ki, hərbi təlimlər ümumiyyətlə regional mübarizə, region uğrunda mübarizə aparan böyük güclərin qarşısına çıxmaq baxımından da önəmidir, eyni zamanda regionda mövcud olan problemlərin həlli baxımından önəmlidir:

“Bunun da başında Qarabağ problemi dayanır. Bunu da mütləq qeyd etməliyik ki, regionla bağlı kimlərsə başqa planlar qururdular, nəsə yeni addımlar atmaq istəyirdilər. Onlara qarşı da bir güc göstərisidir. Türkiyə-Azərbaycan strateji tərəfdaşlığında gəlinən nöqtə, hər ikisinin sahib olduğu güc və apardığı siyasət çox dəyərlidir. Mən inanıram ki, kimsə, hansısa güc regionla bağlı xüsusi provokasiya etməsə – Azərbaycan-Türkiyə münasibətləri baxımından o ehtimal zəifdir – regionda əməkdaşlığa töhfə verəcək.

Müsahibimiz öz fikirlərini onunla əsaslandırıb ki, indiyə qədərki dövrdə Türkiyə-Azərbaycan münasibətləri, əməkdaşlığı layihələrdir, müsbətdir, iqtisadidir:

“Yəni Türkiyə Azərbaycanla birlikdə kiməsə zərər verməyib. Türkiyə Azərbaycanla birlikdə kimisə işğal etməyib. Türkiyə Azərbaycanla birgə kimin üçünsə problem yaratmayıb. Özlərinə və başqalarına faydası olan ümumi layihələr reallaşdırıb. Amma Türkiyə və Azərbaycan bu layihələri reallaşdırarkən kimlərsə Türkiyə və Azərbaycana zərər vermək istəsələr buna da mane olmaq lazımdır. Türkiyə və Azərbaycan deyir ki, biz sadəcə qaz çıxaran, qaz satan, qaz nəql edən, sadəcə kiminsə iqtisadi təhlükəsizliyinə töhfə verən ölkələr deyilik. Biz həm də özümüzün və öz regionumuzun hərbi təhlükəsizliyini də təmin edə bilən ölkələrik. Bunun dinc yolla olmasını istəyərik, olmazsa, hərbi yolla da olar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər