17 Avqust 2020 12:04
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Düşmən öz işğalçı siyasətindən əl çəkmək niyyətində deyil".

Bunu Teleqraf.com-a fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, bir ay əvvəl Ermənistan tərəfindən Azərbaycana qarşı Tovuzla sərhəddə törədilən təxribat regionda vəziyyətin yenidən gərginləşməsinə səbəb olub:

“Ermənistan öz işğalçı siyasətindən əl çəkmək niyyətində deyil. Kimlərsə düşünə bilər ki, ermənilər Dağlıq Qarabağ və ona daxil olmayan 7 rayonu işğal edib, daha bundan sonra işğal həyata keçirməz. Amma “Böyük Ermənistan” ideyası erməni xalqının şüuruna aşılanır. Bu saxta ideya erməni milliyyətçiliyinin əsas motivasiyasıdır. Onlar öz xalqını inandırıblar ki, dənizdən-dənizə “Böyük Ermənistan”ın yaranmasına nail olacaqlar. Ermənilər bir zamanlar sovetlər birliyinin, indi də Rusiya Federasiyasının birbaşa dəstəyini almaqla istədiklərinə nail olmağa çalışırlar”.

Ekspert qeyd edib ki, mövcud prosesə sırf Ermənistan və Azərbaycan dövlətləri arasında gedən hərbi münaqişə kimi baxmaq doğru deyil:

“Qafqazda heç vaxt mövcud olmayan Ermənistan dövlətinin qurulması birbaşa Rusiyanın geosiyasi planlarının tərkib hissəsidir. Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti qurulub, sonradan Zəngəzurun verilməsi ilə bu ərazi genişləndirilib. Ən son 1988-ci ildən başlayan proses 1992-93-cü illərdə Dağlıq Qarabağı və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələnib. İşğalçı dövlət atdığı addımların layiqli cavabını almadıqca, işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil”.

Ağasəlim Həsənov deyir ki, Türkiyənin Azərbaycanla müttəfiqlik nümayiş etdirməsi gözlənilən idi:

“Tarixə nəzər saldıqda, hələ XX əsirin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, o zamankı ərazi bütövlüyünün təmin olunmasında Nuru Paşanın başçılığı ilə gələn türk ordusunun böyük xidmətləri olub. Tarix təkrar olunur. Bu gün müasir Türkiyə dövləti öz tarixi missiyasını yerinə yetirərək, çəkinmədən, konkret mövqe ortaya qoyaraq Azərbaycana hər cür dəstək ifadə edən bəyanatlar verdi. İki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi, Türkiyə ordu generallarının Azərbaycana rəsmi səfərləri dediklərimizin sübutudur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər