20 Avqust 2020 09:18
13 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dörd illik prezidentliyi dövründə Trampın Azərbaycana münasibətdə daha tolerant olduğunu gördüm. Demək olar ki, bu dövr ərzində Azərbaycanla bağlı mənfi hərəkətə yol vermədi. Üstəgəl, Tramp maddi yardımların ayrılması məsələsində Ermənistanla müqayisədə, Azərbaycanı daha ön plana çəkdi”.

Politoloq Qabil Hüseynli belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ prezidenliyinə namizəd Co Bayden seçiləcəyi təqdirdə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirəcəyini bildirdi. Əlbəttə, bu ifadəsi Ankara tərəfindən kəskin etirazla qarşılandı. Sizcə, o, niyə belə bir ifadəyə yer verdi?

- Bu bir dövlət adamının fikri deyil. Prezidentliyə namizəd olmasının heç bir fərqi yoxdur, deyəsən, keçmişində vitse-prezident olduğunu unudur. Belə bir adamın NATO-da ABŞ-dan sonra ikinci ən böyük dövlət olan bir ölkənin prezidenti haqda bu cür qeyri-etik fikir səsləndirməsi qəribə görünür. Bu ilk növbədə onun öz reytinqinə zərbə vurur. Çünki bu, sözün həqiqi mənasında siyasi ədəbsizlikdir. İkincisi, Baydenə ən yaxşı cavabı Tramp verdi. Tramp bildirdi ki, Bayden Ərdoğan kimi tanınmış bir siyasətçi barədə bu cür qeyri-etik fikir səsləndirirsə, o, Amerikanı idarə edə bilməz.

Zənnimcə, bu, çox uğursuz bir fikir idi ki, Bayden bunu dilinə gətirdi.

- Ümumən ABŞ-dakı seçkilərdən gözləntiniz nədir, kimin şansı daha yüksəkdir: keçmiş vitse-prezident Co Baydenin, yoxsa hazırkı dövlət başçısı Donald Trampın?

- Amerikada siyasi elitanın tərkibi çox zəngindir. Amma bu siyasi elitadan finala o qədər də parlaq göstəricilərə malik olmayan iki nəfərin çıxması, ABŞ-ın siyasi cameəsi haqda müəyyən bədbin fikirlər yarada bilər. Buna baxmayaraq, son sosioloji sorğulara görə, Bayden Trampı üstələyir. Amma Tramp bəzi gedişlər etdi – onun hakimiyyəti dövründə əhaliyə sosialyönlü güzəştlər olundu, NATO-nun tərkibindəki ABŞ hərbi qüvvələrinin bir hissəsini Avropadan çıxarmağa çalışdı. Habelə bundan sonra da diqqətini Amerikanın rifahına yönəldəcəyi haqda yeni fikirlər səsləndirdi.

Baydenə gəldikdə, o, uğurlu ifadələr seçə bilmir. Üstəgəl, onun Ukraynanın keçmiş prezidenti Poroşenko ilə səsyazıları ortaya çıxıb. Bu səsyazılarında söhbət bir milyard dollarlıq rüşvətdən, onun oğlunun həmin ölkədəki qaranlıq biznesindən gedir. Maraqlıdır ki, bu məsələni qaldıranlar Poroşenkonun komandasına daxil olan adamlardır. Həmin şəxslər səsyazılarını əldə etdikdən sonra Trampa göndərdilər. Bir sıra nüfuzlu nəşrlər Baydenin əleyhinə olan kifayət qədər ciddi materialların olduğunu yazırlar. Yəqin ki, bunlar seçkilərə az qalmış Amerikanın ictimai rəyinə çatdırılacaq. Əgər deyilənlər doğrudursa, bunlar Baydenin reytinqə öldürücü təsir göstərə bilər.

Müşahidələrim göstərir ki, həm Trampın siyasi forması qaydasındadır - daha təcrübəli görünür, həm də o, seçkilərə daha diqqətlə hazırlaşır. Bu baxımdan, mən seçkilərin favoriti kimi Trampı görürəm. Ciddi bir hadisə olmasa, o, Baydeni məğlub edə bilər.

- Bəs Azərbaycan bu iki rəqibdən hansını ABŞ-ın prezidenti kimi görmək istəyərdi?

- Mən dörd illik prezidentliyi dövründə Trampın Azərbaycana münasibətdə daha tolerant olduğunu gördüm. Demək olar ki, bu dövr ərzində Azərbaycanla bağlı mənfi hərəkətə yol vermədi. Üstəgəl, Tramp maddi yardımların ayrılması məsələsində Ermənistanla müqayisədə, Azərbaycanı daha ön plana çəkdi. Son olaraq Azərbaycana 120 milyon dollarlıq yardım ayırdı. Hətta bu vəsaitlərin hərbi məqsədlər üçün istifadə olunacağı istisna edilmədi. ABŞ-dakı Erməni Milli Konqresi Azərbaycana ayrılan bu yardımı dayandırmaq, habelə Amerikadan Ermənistana ayrılan vəsaitlərin artırılması yönündə ciddi lobbi fəaliyyəti həyata keçirdi. Konqresdə bunun ləğvinə cəhdlər göstərdilər.

Dövlət Departamenti Trampın göstərişi ilə Ermənistan haqqında Konqresin diqqətinə çatdırıla biləcək böyük bir hesabat hazırladı. Həmin hesabatın mahiyyəti təxminən bundan ibarət idi ki, kimə yardım göstərmək istəyirsiniz – Rusiyanın forpostu olan, Moskva ilə 49 illik hərbi saziş imzalayan, qonşu ölkənin (Azərbaycan) ərazilərinin 20 faizini işğal edən dövlətə? İlk dəfə idi ki, biz Amerika dövlətinin bölgədə baş verən proseslərə belə obyektiv münasibətinin şahidi olduq.

Hesab edirəm ki, ABŞ Dövlət Departamentinin təzyiqi ilə erməni lobbisinin Azərbaycana qarşı yönəlmiş təxribatlarının hamısı heçə çıxarıldı. Üstəgəl, ABŞ Konqresində Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi haqda düzəliş qəbul edildi. Əvvəllər üstüörtülü şəkildə eyhamlar vurulsa da indi ilk dəfə idi ki, Konqresin aşağı palatasında Ermənistan Azərbaycan ərazilərini işğal edən dövlət kimi tanındı. Bu həm Azərbaycan diplomatiyasının uğuru, həm də ABŞ dövlətinin məsələyə obyektiv yanaşdığının aşkar ifadəsi oldu.

Trampın müəyyən səhvləri olsa da müsəlman dünyasına qarşı aqressiv hərəkət etmir. Trampın Azərbaycanla yanaşı, Türkiyəyə münasibətdə də həssas və spesifik siyasətinin şahidi oluruq.

- İllərdir aralarında soyuq münasibətlər olan Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında vəziyyətin normallaşması üçün saziş imzalandı. Bu prosesin İsrailin digər ərəb dövlətləri ilə münasibətlərini də əhatə edəcəyi deyilir. Nə düşünürsünüz, bölgədəki bu kəskin dəyişikliyin arxasında hansı məqamlar var?

- Zənnimcə, İsrail və ərəb ölkələri arasındakı münasibətlərin belə kəskin dəyişməsi İran amili ilə bağlıdır. Bu prosesə təkan verən dövlətlərdən biri də ABŞ-dır. Hər halda İranın bölgədəki aqressiv fəaliyyəti, Suriya, İraq və Livanda – İsrailin burunun dibində Hizbullah, Həşdi Şabi kimi terror təşkilatlarına dəstək verməklə, Yaxın Şərqə nəzarət etmək kimi ağlasığmaz bir iddiada olması əvvəldən Təl-Əvivi narahat edirdi. O cümlədən, başda Səudiyyə Ərəbistanı olmaqla, bölgənin digər dövlətləri də İranın təcavüzkar siyasətinə qarşı çıxırlar və islam respublikasına əks mövqedə dayanan İsrailə dəstək verməyi qərar aldılar.

Əlbəttə gedən proseslər geosiyasi xarakter daşıyır, bölgədəki qüvvələr nisbəti yenidən dəyişir. Bu dəyişiklik İranı təkləmək və ən azı bu ölkədə rejim dəyişikliyinə nail olmaq məqsədi daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər