28 Avqust 2020 16:52
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan mediası “Ordu-2020” hərbi-texniki forumunun ilk dəfə Rusiya sərhədlərindən kənarda, Rusiyanın Ermənistandakı hərbi hava qüvvələrinin bazasında keçirilməsini az qala tarixi hadisə kimi qələmə verməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin açılışdakı nitqi də bunun üçün müəyyən əsaslar yaradır:

“Məsələn, Sergey Kopırkin deyir ki, belə bir tədbirin Ermənistanda keçirilməsi “rəmzi və məntiqi” xarakter daşıyır: “Məndə olan məlumata görə, hərbi-texniki forum ilk dəfədir ki, Rusiya sərhədlərindən kənarda keçirilir. Forumun Ermənistanda keçirilməsi isə bugünkü mürəkkəb dünyada, mənim qənaətimə görə, bizim dərin tarixi ənənələrə və ümumi strateji maraqlara söykənən qardaşlıq, müttəfiqlik xarakterini çox gözəl ifadə edir”.

İndi isə erməni mediasının və Rusiyanın Ermənistandakı səfirinin “bugünkü mürəkkəb dünyanın” reallıqlarından qaynaqlanan diplomatik ifadələrinin əsl reallığı nə dərəcədə əks etdirdiyinə diqqət yetirək. Məsələ burasındadır ki, “Ordu-2020” hərbi-texniki forumu Rusiyanın bir çox əyalətlərində, xüsusilə də sərhəd bölgələrində, Moskva üçün strateji əhəmiyyət kəsb edən ərazilərdə də ilk dəfə keçirilir. Məsələn, Kuril adalarında, Buryatiyada, Xabarovskda, Vladivastokda, eləcə də digər əyalət və şəhərlərdə”.

Elçin Mirzəbəyli qeyd edib ki, bu il hərbi-texniki forumun faktiki olaraq, Rusiyanın bütün əyalətlərində keçirilməsinin də öz səbəbi var:

“Bu səbəb də çox güman ki, “bugünkü mürəkkəb dünyanın” reallıqlarına uyğun olaraq, Rusiyanın hərbi gücünün daha qabarıq şəkildə nümayiş etdirilməsi zərurəti ilə bağlıdır. Həm daxil, həm də xaric üçün...

“İlk”lərin də təsadüfi seçilmədiyi qənaətindəyəm. Məsələn, görünür, Xabarovskda baş verən son hadisələrdən sonra burada “hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə” ehtiyac yaranıb. Forumun Rusiyanın bir sıra əyalətləri ilə yanaşı Ermənistanda da keçirilməsinin səbəbi həm bu ölkənin rəhbərliyinə “forpost”, əyalət statusunda olduqlarının xatırladılması, həm də güc nümayişidir. Məhz bu baxımdan, Ermənistan mediasının özünü dağa-daşa salmasına, Rusiyanın bu ölkədəki səfirinin isə “dərin tarixi ənənələrə və ümumi strateji maraqlara söykənən qardaşlıq”dan danışmasına ehtiyac yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər