10 Sentyabr 2020 14:44
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclasına toplaşıb.

Teleqraf.com xəbər verir ki, iclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim olunub.

Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 7 məsələyə baxılıb. Qanunvericilik fəaliyyəti ilə yanaşı komitə üzvləri seçicilərlə də müntəzəm əlaqə saxlayıb, problemlərinin həllində onlara yardımçı olublar.

Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar xüsusilə COVID-19 pandemiyası ilə əlaqədar geniş maarifləndirmə işləri aparıb, daim vətəndaşların yanında olublar. Hesabat dövründə komitəyə 310 ərizə və müraciət daxil olub, baxılması üçün müvafiq tədbirlər görülüb. Onlayn iclasda aparılan fikir mübadiləsində deputatlar hesabatı məqbul saydılar.

Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarıldı. 10 bənddən ibarət iş planı təsdiqləndi.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edən komitə sədri Hicran Hüseynova bildirib ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Müzakirə zamanı deputatlar bunun çox mütərəqqi dəyişiklik olduğunu vurğuladılar. Komitə üzvləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də (birinci oxunuş) müsbət qarşılayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər