Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha göstərdi ki, Azərbaycan dövləti ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlıdır. Bu isə o deməkdir ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, ancaq bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq həm də istimai-siyasi müstəviyə transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı:
“Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də, əsl məqsədləri heç də bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox şəxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. Bax, ictimai vicdanı ağrıdan da elə budur”.
Hikmət Babaoğlu qeyd edib ki, ancaq bu marginal qruplardan fərqli olaraq xeyli sayda ziyalı, millət vəkili, yerli insan hüquq müdafiə təşkilatı təmsilçisi hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimizin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş edirdilər:
“Bax, Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi. Hüquq sistemimiz isə bütün nüansları nəzərə alaraq ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul etdi və bu qərar hamı tərəfindən alqışlanır. Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də yeni qərarın guya onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə, həm dövlətimizin ədalətini, həm hüquqi sistemimizin humanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir”.