“Azərbaycanda islam həmrəyliyi ilə bağlı bir çox tədbir keçirilib. O tədbirlərdə bir çox müsəlman ölkələri iştirak edib. Tədbirdə iştirak edən dövlətlər islam həmrəyliyi ilə bağlı ağız dolusu danışıb. Bəs indi onlar haradadırlar? Biz yalnız Türkiyə və Pakistanın mövqeyini görə bildik”.
Teleqraf.com bildirir ki, bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.
R.Nurullayev Ermənistana dəstək verən İranı da tənqid edib:
“Məscidlərimizdə donuz saxlayan erməni ilə ağız-ağıza öpüşmək islam həmrəyliyi deyil”.
R.Nurullayev MDB-yə daxil olan müsəlman ölkələrinin də çıxışlarına münasibət bildirib:
“Özbəkistan, Qazaxıstan, Qırğızıstan dövlətlərinin tərəfləri öz ölkələrinə danışıqlarına çağırmasını birmənalı şəkildə qəbul edə bilmərik. Biz danışıqlar üçün Belarusa, Ukraynaya gedərik, amma bu ölkələrə heç vaxt getmərik”.
Razi Nurullayev hesab edir ki, işğalçını dəstəkləyən çıxışları, Fransa Prezidenti Makronun bəyanatını qətiyyətlə pisləyir: “Sonda isə demək istəyirəm ki, biz necə hər həftə sonu deyirik, Qəbələyə istirahətə gedirik, yaxın zamanlarda Kəlbəcərə, Laçına, Şuşaya gedirik, deyəcəyik. Yaşasın Azərbaycan əsgəri”.