Beynəlxalq Humanitar Hüquq anlayışı var. Bu hüququn əsasını 1949-cu ildə Cenevrədə konvensiyası təşkil edir. Sonradan Haqa şəhərində də bununla bağlı sənədlər qəbul edilib. Bu konvensiya müharibə və silahlı münaqişələr dövründə dinc və mülki əhalinin qorunmasını təmin edir. Həmin sazişlərə əsasən hər bir dövlət öz üzərinə öhdəlik götürür və müharibə zamanı müharibədə iştirak etməyən mülki şəxslərin, o cümlədən döyüşlərdə iştirak etməyən hərbçilərin, mülki obyektlərin hüququ müdafiə olunur. Ermənistan və Azərbaycan bu konvensiyaya qoşulub. Mülki şəxslərin hədəfə alınması, şəhərlərin vurulması beynəlxalq əhəmiyyətli cinayətdir.
Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri endirməsi haqda danışarkən deyib.
O, əlavə edib ki, Cenevrə konvensiyasına görə, mülki insanların və şəhərlərin vurulması bəşəriyyət əleyhinə və beynəlxalq əhəmiyyətli cinayət hesab olunur:
“Belə cinayətlər beynəlxalq hüquqi məsuliyyət yaradır. Adətən son dövrlərdə ayrıca tribunallar yaradılır və bəşəriyyət əleyhinə cinayət törədən şəxslər burada mühakimə edilirdi. İndi Avropada Beynəlxalq Cinayət Məhkəməsi təsis edilib. Azərbaycan və Ermənistan bu məhkəmənin üzvü deyil. Lakin bu cür beynəlxalq və hərbi cinayətlər həmin məhkəmənin yurudiksiyası altına düşür”.
Q.Əlibəyli bildirib ki, Gəncənin vurulması qərarı Ermənistanda bir nəfər qəbul edə bilər:
“Silahlı qüvvələr mərkəzləşdirilmiş qayda da idarə olunur, müharibə dövründə yalnız ali baş komandan belə qərarlar verə bilər. Başqa sözlə, bu qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan verə bilərdi. Hesab edirəm ki, Azərbaycan BMT-yə müraciət etməlidir ki, BMT Beynəlxalq Cinayət Məhkəməsi qarşısında məsələ qaldırılsın və Gəncənin vurulmasına dair araşdırma başlansın”.