İndiyədək bir sıra beynəlxalq və regional təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarına cavab verən sənədlər qəbul ediblər. Bu sənədlər sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarla bağlı kompleks hazırlığın belə demək mümkünsə, hüquqi təminatı rolunu oynayıb.
Şübhəsiz ki, münaqişə ilə bağlı bugünədək qəbul edilmiş sənədlər arasında ən mühümləri ən böyük universal təşkilat olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdir. Bu qətnamələrin hamısında Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması tələb edilir.
Bu qətnamələrdən ikisi – 30 aprel 1993-cü il tarixli 822 saylı qətnamə Kəlbəcər rayonunun, 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamə isə Ağdam rayonunun işğalı ilə əlaqədar qəbul olunub. Digər ikisi – 14 oktyabr 1993-cü il tarixli 874 və 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamə erməni hərbi birləşmələrinin Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonundan çıxarılmasını tələb edir. Son iki qətnamədə, həmçinin, 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapıb.
Beləliklə, Azərbaycan bu gün apardığı hərbi əməliyyatlarla əslində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmiş olur. Bu, birmənalıdır. Ölkəmiz bununla təcavüzkar, beynəlxlaq hüququn norma və prinsiplərini heçə sayan Ermənistandan fərqli olaraq bu norma və prinsiplərə hörmətini nümayiş etdirir. Beynəlxlaq birliyin məsuliyyətli üzvü olduğunu öz əməli ilə sübut etmiş olur. Bu nöqteyi-nəzərdən Azərbaycanın məlum addımı beynəlxalq birlik və beynəlxalq təşkilatlar tərəfindən ardıcıl surətdə dəstəklənməlidir.
İlk növbədə isə Azərbaycanın apardığı hərbi əməliyyatlar BMT-nin mənzil-qərargahı tərəfindən alqışlanmalıdır. Gəlin, yaranacaq “niyə” sualına cavab tapmağa çalışaq.
BMT İkinci Dünya müharibəsinin sonunda dünyada mövcud olan siyasi düzənə və güc balansına əsasən yaradılmış təşkilatdır. Təşkilatın iyerarxiyasına baxdıqda bunu aydın görmək mümkündür. Belə ki, BMT orqanları sistemində xüsusi yer tutan Təhlükəsizlik Şurasının 15 üzvü olsa da onun müstəsna hüququ (veto hüququ) olan daimi üzvləri 5 qalib dövlətdən təşkil olunub. Həmin dövrdə supergüc (rusca “sverxderjava”) məhz bu dövlətlər olub. Həmin dövrdən etibarən dünyada ciddi geosiyasi dəyişikliklər baş verib. Bir sıra ölkələr regional oyunçudan dünya səviyyəli aktorlara çevrilməyi bacarıblar. Bu sıraya Türkiyə, Almaniya, Braziliya, Hindistan, Yaponiya kimi ölkələri aid etmək olar. Ancaq onların dünyada gedən proseslərdə aktiv rol oynamasının qarşısı müxtəlif hüquqi maneələrlə alınır. O cümlədən sözügedən ölkələrin BMT TŞ-nin veto hüququna malik olmaqla üzv olmaq istəyi illərdir istək olaraq qalır. Beləliklə, TŞ-də məlum dövlətlərin hegemoniyası hökm sürür. Bu isə son nəticədə dünyada sülhün və təhlükəsizlik qorunması sahəsində ətalət yaranmasına gətirib çıxarır. O sülhün və təhlükəsizliyin ki onun qorunmasında başlıca məsuliyyət məhz Təhlükəsizlik Şurasının üzərinə qoyulub. Bəzi hallarda qətnamələrin icrasına bir neçə saat ərzində başlanılır, bəzi hallarda isə illərlə kağız üzərində qalır.
Halbuki, Baş Assambleyanın aktlarından fərqli olaraq Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və bütün dövlətlər tərəfindən yerinə yetirilməlidir. Onun qəbul etdiyi sənədlərin icra mexanizmi mövcud olsa da maraqların toqquşması səbəbindən bəzi hallarda onları reallaşdırmaq mümkün olmur. Çünki bu realizasiya bəzi ölkələrin maraqlarına cavab vermir. Məhz bu kimi səbəblər üzündən Azərbaycan, Türkiyə və beynəlxlaq birliyin bir sıra digər məsuliyyətli ölkələri zaman-zaman BMT-də islahatlara ciddi eyhiyac duyulduğunu bəyan edirdilər. Çünki bu vəziyyət BMT-nin nüfuzunu ciddi şəkildə aşağı salır.
Azərbaycan 27 il idi ki, beynəlxalq ictimaiyyətdən BMT TŞ-nin qətnamələrinin icrasını tələb edirdi. Ancaq onun bu tələbi siyasi mülahizələr üzündən yerinə yetirilməmiş qalırdı. Yaranmış situasiyada Azərbaycan özü bu qətnamələrini icrasını öz öhdəsinə götürdü. Beləliklə, BMT əslində onun qəbul etmiş olduğu qətnamələri icra etdiyi üçün Azərbaycana minnətdar olmalıdır. Çünki bu qətnamələrin icra olunması Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı BMT-nin son illərdə qat-qat aşağı düşmüş nüfuzunun qaldırılması deməkdir.