23 Oktyabr 2020 08:25
3 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək. Ermənipərəst konqresmenlər Trampa qarşı ittihamlar səsləndirir ki, işə niyə qarışmır. Qənaətimə görə, Tramp da bu ittihamları neytrallaşdırmaq üçün Pompeoya Vaşinqtonda belə bir görüşün təşkil etməyi tapşırıb. Yəni bu, görüntü üçün olan bir görüşdür, bir nəticəsinin olacağını düşünmürəm”.

Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ermənistan Baş naziri Nikol Paşinyan açıq şəkildə bildirdi ki, münaqişəni diplomatik yolla həll etmək mümkün olmayacaq. Onun bu açıqlamasını necə şərh etmək olar?

- Ötən gün Paşinyanın iki açıqlaması oldu. Birincisi, diplomatik danışıqlardan imtina etdiyini dedi. Çünki danışıqların nəticə verməyəcəyini bildirdi. İkinci, hamını döyüşməyə çağırdı. Birinci açıqlaması ondan xəbər verir ki, rayonları bir-bir itirir, danışıqlardakı mövqeyinin zəif olacağını başa düşür. Ona görə danışıqlarda iştirak etməkdən boyun qaçırır. Eyni zamanda, sanki məsuliyyətini də başqaları ilə bölüşmək istəyir.

İkinci açıqlaması ondan xəbər verir ki, resursları tükəndiyi üçün əhaliyə müraciət edib, silahlanmasını istəyir. Dağlıq Qarabağda böyük uğursuzluqla üzləşib. Paşinyanın yanaşmaları məntiqsizdir. Bir yandan deyir ki, diplomatik danışıqlar nəticə verməyəcək, digər yandan da öz nazirini Moskvaya, Vaşinqtona göndərir. Çünki ümid edir ki, böyük dövlətlər Azərbaycanı dayandıra və ya təzyiq edə biləcək.

- ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison açıqlama verdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Üstəgəl, Fransa və Rusiyanın da buna çalışdığını dedi. Bunu beynəlxalq birliyin qərarı hesab etmək olarmı?

- Proqnozlaşdırmışdım ki, Azərbaycan uğurlar qazandıqca, bizə təzyiqlər neytrallaşdıqca böyük dövlətlərin rəsmiləri, beynəlxalq təşkilatlar Ermənistana çağırış edəcəklər ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın və qoşunlarını pradan çıxarsın. Artıq ilk belə çağırış gəldi və bunun ardı olacaq. Bu, ABŞ-ın mövqeyidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğulayır.

Bu, çox önəmli açıqlamadır, hesab edirəm ki, sıralar genişlənəcək. Bu da Azərbaycan ordusunun qazandığı uğurlarla bağlıdır.

Keçmişdi heç bir dövlətin rəsmisi demirdi ki, Ermənistan qoşunları ərazilərdən çıxmalıdır, Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır. Amma indi Azərbaycan ordusu uğurlar qazandıqca, qələbəyə yaxın olduqca belə çağırışların sayı artacaq.

- Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşdən nə gözləyirsiniz?

- Görüşün iki məqsədi var. Əsas sual budur ki, görüş niyə Vaşinqtonda təşkil edilir? Birinci, ABŞ həmsədr ölkədir, bu prosesdə Rusiya və Fransadan geridə qalmaq istəmir. Çünki son günlər Rusiya daha aktivdir, Fransadan müəyyən açıqlamalar verilib. Buna görə geridə qalmadığını göstərmək üçün xarici işlər nazirlərini Vaşinqtona dəvət edir.

İkinci səbəb budur ki, noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək. Ermənipərəst konqresmenlər Trampa qarşı ittihamlar səsləndirir ki, bu işə niyə qarışmır. Qənaətimə görə, Tramp bu ittihamları neytrallaşdırmaq üçün Pompeoya Vaşinqtonda belə bir görüşün təşkil etməyi tapşırıb. Yəni bu, görüntü üçün olan bir görüşdür, nəticəsinin olacağını düşünmürəm. Əgər yaxın və təsir imkanları böyük olan Rusiya müharibəni dayandıra bilmirsə, uzaq Amerika bizə necə təsir edəcək? Onu da nəzərə alaq ki, ABŞ superdövlət olsa da, Cənubi Qafqaza təsir alətləri çox deyil.

- Ermənistan rəhbərliyi son günlər tez-tez Qarabağdakı terrorçu rejimin beynəlxalq səviyyədə tanınmasına çağırışlar edir. İrəvanın bu yöndəki gözləntisinin reallaşması nə qədər mümkündür?

- Müharibə başlayandan bəri Ermənistanın heç bir gözləntisi özünü doğrultmayıb. Əvvəlcə Rusiyanın münaqişəyə müdaxiləsinə imkan yaratmaq üçün Gəncəni vurdular. Amma biz Ermənistanın bu təxribatına getmədik, soyuqqanlı davrandıq, cavabını döyüş meydanında verdik, veririk. Gah da Rusiya və Türkiyəni toqquşdurmaq istədilər. Bununla münaqişəni regional müstəviyə çıxarmaq niyyəti güdürdülər, amma bu da alınmadı. Digər yandan, Rusiyanın bölgəyə sülhməramlı qüvvə göndərməsinə nail olmaq istədilər. Amma rusiyalı rəsmilər açıq şəkildə bildirdilər ki, bununla bağlı hər iki tərəfin razılığı olmalıdır. Azərbaycan buna razı olmadı, ona görə də bu məsələ gündəmdən düşdü.

Paşinyan bundan sonra erməni diasporuna müraciət edərək bildirdi ki, Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasını yaşadığınız ölkələrin rəhbərliklərindən tələb edin. Bu da alınmadı, özünə hörmət edən heç bir dövlət bu addımı atmaz. Yəni nəyə əl atdılarsa, hamısı puça çıxdı.

- Erməni mediası yazır ki, keçmiş prezident Robert Köçəryan Moskvaya gedəcək. Bu səfərin baş verənlərlə əlaqəsi nə qədərdir və nəticələri nə ola bilər?

- Mən bu səfəri gözləyirdim. Ümumiyyətlə, Köçəryan son zamanlar çox fəallaşıb. Gah Xankəndinə gəlir, gah da İrəvanda Rusiya səfiri ilə görüşür. Bu baxımdan, bu səfərin olacağını gözlənilirdi. Köçəryanın bəzi siyasi dairələri ilə sıx əlaqələri var, Putinlə dostdur. Amma nə qədər Putin və digərlərinə yaxın olsa da, inanmıram ki, Rusiya bir şəxsə görə Ermənistana dəstəyini indikindən daha çox artırsın. Əlbəttə, Rusiya istəyərdi ki, Ermənistanda hakimiyyətdə Köçəryan olsun. Amma Köçəryanı yaxın üç-dörd ayda seçki yolu ilə hakimiyyətə gətirmək çətin olacaq. Ona qədər də biz məsələni həll edəcəyik.

Hərbi çevriliş yolu ilə onu hakimiyyətə gətirə bilərlər. Bu da variantlardan biridir. Amma hesab edirəm ki, Köçəryanın Moskvaya çağırılması, Rusiyanın Paşinyana təzyiq elementlərindən biridir.

- Mediada Ukraynanın Donbas istiqamətində hərbi qüvvə yığması haqda məlumatlar dolaşır. Yaxın gələcəkdə bu yöndə hərbi hərəkətlənmə ola bilərmi?

- Azərbaycan ordusu hücuma keçib torpaqlarını azad etməklə başqalarına müsbət örnək oldu. Biz bölgədə bir ilk yaşayırıq. Heç bir dövlət separatizmin öhdəsindən gələ bilmədi, amma Azərbaycan bu istiqamətdə ciddi addımlar atır. Müəyyən təzyiqlər olsa da, heç kim bizə mane ola bilmir.

Əlbəttə, bizim bu fəaliyyətimiz, ordumuzun irəliləməsi separatizmin olduğu digər dövlətləri də həvəsləndirir. Məsələn, Ukrayna, Moldova, Ukrayna və s.

Ukrayna daha çox həvəslənir. Amma Ukrayna üçün çox çətindir. Çünki Donbasın Rusiya ilə sərhədləri var və Moskva bu bölgədəki separatçılara dəstəyini əsirgəmir. Müharibə vəziyyətində onlara kifayət qədər dəstək verəcək.

Krımda da Ukraynanın uğur qazanacağını düşünmürəm. Amma hər halda Ukrayna Azərbaycan ordusunun Dağlıq Qarabağdakı uğurlarını görərək həvəslənib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər