23 Oktyabr 2020 21:13
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Zəngilan rayonunun Ağbənd qəsəbəsini işğaldan azad etməklə Azərbaycan-İran sərhədinin 132 kilometrinin tam nəzarətə götürməsi həm bu gün üçün, həm də tarixi əhəmiyyəti olan bir hadisədir. Bu, mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir. Eyni zamanda sərhədlərin tam legitim bir dövlətin güclü silahlı qüvvələrinin nəzarəti altına alınması həm Azərbaycanın özünün, həm də qonşu İranın mənafelərinə uyğundur.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib.

O qeyd edib ki, bu nöqteyi-nəzərdən Prezident İlham Əliyev bu hadisə barədə danışarkən hadisənin İran üçün də əhəmiyyətli olduğunu vurğulayıb:

“Hər şeydən əvvəl indiyədək 132 kilometrlik sərhəddə heç bir dövlətin, hətta Ermənistanın özünün də tanımadığı separatçı qurumun, həmçinin, işğalçı və faşist siyasət aparan Ermənistanın silahlı qüvvələrinin dayanması heç də yaxşı hal deyildi. Bu, həm də təhlükəsizlik nöqteyi-nəzərindən İranın özü üçün bir təhdid idi. Artıq bu sərhədlərin nəzarətə götürülməsi İranın özünün də o bölgədə təhlükəsizliyi üçün bir təminatdır. İndiyədək orada separatçı və işğalçı rejimin əsgərlərinin dayanması İran üçün bir təhdid mənbəyi, həmçinin, narkotik ticarətinin tranzit məntəqəsi olaraq təhlükə idi. Eyni zamanda son vaxtlar Suriyadan, İraqdan müxtəlif terror qruplarının gətirilərək onlar üçün Qarabağda bir təlim bazasının yaradılmasını da unutmamalıyıq. Bu nöqteyi-nəzərdən sərhədin nəzarətə götürülməsi İranın özünün də təhlükəsizliyi üçün daha artıq dərəcədə təminat deməkdir”.

Müsahibimiz qeyd edib ki, sərhəd bölgəsinin iqtisadi potensialından istifadə məsələsində də hər iki dövlətin marağı təmin olunur:

“İndiyədək bu bölgənin nəzarətsiz silahlı qüvvələrin əsarəti altında olması nə İranın, nə də Azərbaycanın iqtisadi, ticarət, investisiya maraqlarına qətiyyən cavab verirdi. Yekun olaraq deyim ki, sərhədin nəzarətə götürülməsi həm İranın, həm də Azərbaycanın təhlükəsizliyi üçün daha möhkəm təminat və o bölgədə daha geniş iqtisadi-ticarət əməkdaşlığı üçün yeni imkanların açılması deməkdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər