26 Oktyabr 2020 18:40
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə gündür ki, istər ABŞ-ın ayrı-ayrı rəsmiləri, istərsə də Fransa prezidenti Emmanuel Makron tərəfindən Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı təhdidlər gəlməkdə davam edir. Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə toxunaraq Türkiyəyə sanksiya tətbiq edəcəkləri hədəsi ilə Azərbaycan Prezidenti İlham Əliyevə də zənglərin olduğunu bildirdi. Türkiyəyə qarşı bu kimi təhdidlər ilk dəfə deyil və bunun əsas səbəbi Türkiyənin artan nüfuzu ilə bağlıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Türkiyəyə Azərbaycana dəstəyinə görə üzləşə biləcəyi sanksiyalarla bağlı təhdidləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ankaraya təzyiqlər Türkiyənin artan nüfuzunun göstəricisidir: “Əvvəl S-400-lərlə, daha sonra Türkiyənin Aralıq dənizindəki fəaliyyəti ilə bağlı təhdidlərin şahidi olduq. İndi də Türkiyənin Azərbaycanı dəstəklədiyinə görə bu kimi təhdidlərlə çıxış edən ABŞ və Fransa kimi ölkələr sadəcə bəhanə tapdıqlarına sevinirlər.

Bu təhdidlərə ən gözəl cavabı cənab Ərdoğan “Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gec qalma, et!” deməklə verdi. Doğurdan da bu gün Türkiyəni hansısa sanksiyalarla təhdid etməklə məğlub duruma gətirəcəyini düşünən ölkələr olduqca böyük səhv edirlər.”

Yusif Bağırzadə bildirib ki, bütün bunlara rəğmən indiki məqamda haqq işimizə dəstək verən Türkiyənin yanında olmaq vacibdir: “Bunun üçün bir neçə addımın atılmasına ehtiyac var. Birincisi, Azərbaycan istehlakçıları alış-veriş zamanı Türkiyə mallarına üstünlük verməklə sanksiyaların qardaş ölkənin iqtisadiyyatına təsirinin azalmasına töhvə vermiş olarlar.

İkincisi, Türkiyəyə olan xarici investisiyanın 4.2 faizi Azərbaycanın payına düşür ki, bu rəqəmi artırmaq mümkündür. Bunun üçün xaricə sərmayə yönəldən sahibkarlarımızın daha çox Türkiyəyə investisiya etməsi lazımdır. Haqq işimizə dəstək olan qardaş Türkiyənin iqtisadiyyatına hər birimizin, xüsusilə də sahibkarlarımızın töhvə verməsi çox vacibdir.

Hər il sahibkarlarımız tərəfindən ayrı-ayrı ölkələrin iqtisadiyyatına qoyular sərmayə Türkiyəyə yönəldilərsə, bu, həm qardaş ölkənin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımıza daha çox gəlir əldə etmək imkanı verər. Həmçinin təklif edirəm ki, Türkiyənin boykot çağırışına qoşulaq, erməni dəstəkçisi olan Fransanın mallarını almaqdan imtina edək”.


Müəllif: Aysel Azad