Sentyabrın 27-dən bu günə qədər əldə olunmuş hər üç humanitar atəşkəs razılaşması Ermənistan tərəfindən pozulub. Azərbaycanın yaşayış məntəqələri raket atəşinə tutulub. Dinc əhali qətlə yetirilib. Vətəndaşların mülkiyyətinə, infrastruktura ciddi ziyan yetirilib. Bütün bunlar göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyində əxlaq normaları, şərəf, ləyaqət, heç bir qayda yoxdur. Ermənistan tərəfi həlak olmuş öz hərbçilərinin cəsədlərini belə təhvil almaqdan imtina edir. Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etsə də, erməni tərəfi imtina edib. Ermənistanın mübadiləni döyüş zonasında etmək cəhdləri mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsini birtərəfli qaydada təhvil vermək barədə qərar qəbul edib:
“Lakin Ermənistan növbəti dəfə cəsədləri təhvil almaqdan imtina edib. Bu, heç bir insani əxlaq normalarına sığmır”.
Deputatın fikrincə, işğaldakı bütün ərazilərimizdə yaşayış məntəqələrini dağıdan barbar ermənilərdən başqa heç nə gözləmək mümkün deyil:
“Həmin ərazilərdə mədəniyyət abidələri, məscidlər, inzibati binalar, evlər məhv edilib. Hətta binaların daşları belə sökülərək digər ərazilərə aparılıb. Bu, barbarlıq, vəhşilik, quldurluqdan başqa bir şey deyil. Sentyabrın 27-si - hərbi əməliyyatlar başlandığı gündən Ermənistan ordusunun Azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi cinayətlər isə olduqca böyükdür. Çox sayda ölən və yaralanan var. Eyni zamanda mülki obyektlərə, infrastruktura da xeyli ziyan dəyib. Hətta Bərdəyə hücum zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də vəfat edib. Ermənistanın sərgilədiyi mövqe heç bir əxlaq normalarına uyğun gəlmir".