“Amnesty International” və “Human Rights Watch” təşkilatının Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin qadağan edilmiş kasetli silahlarla vurulmasını təsdiqləməsi əhəmiyyətli faktdır. Bu, Ermənistanın müharibə cinayətləri törətdiyi faktının hüquqi müstəvidə təqib olunması üçün tərəfsiz mənbə rolunu oynaya bilər.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Bununla belə ekspert hər iki təşkilatın bəyanatında yer alan bir məqama diqqət çəkməyi vacib hesab etdiyini vurğulayıb:
“Hər iki təşkilatın bəyanatında mülki əhalinin qadağan olunmuş kasetli silahlarla atəşə tutulmasının yolverilməzliyi vurğulanır. Belə anlaşılır ki, mülki əhali qadağan olunmamış silah növlərindən atəşə tutula bilər. “Müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il avqustun 12-də qəbul edilmiş Cenevrə konvensiyasının tələbləri ilə nəinki mülki əhalinin, hətta döyüş əməliyyatlarında iştirak etməyən silahsız hərbçilərin belə hədəfə alınması qadağan olunur. Bu baxımdan, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini təkcə kasetli silahlarla yox, adi silahlardan da atəşə tutanda konvensiyanın və təbii ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş və müharibə cinayəti törətmiş olur. Hesab edirəm ki, adıçəkilən təşkilatlar bəyanat və açıqlamalarında daha dəqiq olmalıdırlar”.
Elçin Mirzəbəyli qeyd edib ki, beynəlxalq humanitar hüququn əsas və əhəmiyyətli hissələrindən biri olan, 2008-ci ildə Dublində qəbul edilmiş “Kasset tipli silah-sursatlar haqqında” Konvensiya sənədə qoşulub-qoşulmamasından asılı olmayaraq beynəlxalq birliyin üzvü olan bütün dövlətlərə belə silah-sursatdan istifadəni qadağan edir:
“Konvensiyaya əsasən, sənədin qüvvəyə mindiyi gündən başlayaraq ən geci 8 il müddətində bütün dövlətlər silahlı qüvvələrinin arsenalında olan kasset tipli silah-sursatları məhv etməli idilər. Konvensiyanın qəbul edildiyi tarixdən də bəlli olduğu kimi bu müddət 2016-cı ildə başa çatıb. Konvensiya imzalandığı gündən isə belə silah-sursatlardan istifadə və onların satışı məlum olduğu kimi qadağan edilib. Bu baxımdan Ermənistan hakimiyyəti təkcə kasset tipli silah-sursatı tətbiq etdiyinə görə deyil, həm də sözügedən konvensiyaya əməl etmədiyinə görə məsuliyyət daşıyır”.