Müharibədə döyüş fazasının bitməsi maksimum bir ay çəkər. Amma bundan sonra biz hərb meydanında qazandıqlarımızı danışıqlar masasında möhkəmlətməliyik. Döyüşlərin fazasının ikinci mərhələsi danışıqlar masasında gedəcək. Çünki istənilən müharibə sülh müqaviləsi ilə başa çatmalıdır. Yəni sən əraziləri azad edirsən və onun nəticələrini masa arxasında rəsmiləşdirirsən. Bu proses gedəcək.
Bu fikirləri Teleqraf.com-a “Ayna-Zerkola” qəzetinin təsisçisi, politoloq Elçin Şıxlı Azərbaycanın işğal altında olan ərazilərini azad etməsi üçün başlatdığı anti-terror əməliyyatları və onun nəticələri haqda danışarkən deyib.
Qarşıdan qış fəsli gəldiyini xatırladan Elçin Şıxlı qeyd edib ki, düzən Qarabağ faktiki işğaldan azad edilib, qalan əsasən dağlıq ərazilərdir: “Qış gəldikcə dağlara qar düşəcək, əməliyyatların aparılması da çətinləşəcək. Amma burada bir məqam da var, qar düşəndə, soyuqlar başlayanda ağaclar yarpaqlarını tökür. Bu zaman düşməni, onun texnikasını görmək daha asan olur. Bir yandan dağlıq ərazilərdir, qar olacaq, digər tərəfdən düşmən canlı qüvvəsini və texnikasını qarda gizlədə bilməyəcək. Hər halda çalışıb nöqtəni tez qoymalıyıq”.
Müsahibimiz deyib ki, Azərbaycan Ordusunun cəbhədə irəliləyişləri normal şəkildə davam edir: “Son zamanlar ordumuz bizi pis öyrədib, hər gün yeni məntəqələrin azad edilməsini gözləyirik. Sözsüz ki, azad etmə əməliyyatları baş verir. Biz Müdafiə Nazirliyinin təqdim etdiyi kadrları görürük. O məxluqlar həmin ərazilərdə heç bir təmir, tikinti işləri aparmayıblar. Çünki biliblər ki, bu ərazilər onların deyil. Onlar ancaq müəyyən nöqtələrdə böyük və güclü müdafiə istehkamları qurublar”.
Politoloq qeyd edib ki, Şuşa şəhərini işğaldan azad etmək haqqında fikirlər səsləndirilir: “Amma Şuşa qaladır, dağın başında yerləşir, oranı götürəndə itkilər çox ola bilər. İkincisi, Şuşa bizim olduğumuz üçün oonu bombardman, yəni darmadağın edə bilmərik. Bu məqam da nəzərə alınır. Görünür, bu səbəbdən bizim hərbçilərimiz müvafiq üsul və yollar axtarırlar. Bunlar zarafat deyil. Ordu ora gəzməyə getməyib, uşaqlar qəhrəmanlıq göstərir, qan axıdırlar. Bizlər bunu başa düşməliyik”.