44 günlük müharibə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Əslində bəyanat olsa da, müharibə tam bitməyib. Hərbi faza dayanıb, onu qələm savaşı əvəzləyib. Bu mərhələdə Türkiyənin kənarda qoyulması insafsızlıq olardı. Çünki Türkiyə mənəvi, siyasi, diplomatik istiqamətlərdə 44 gün bizim yanımızda olub. Odur ki, Türkiyənin danışıqlar prosesindən uzaqda saxlanılması məntiqli olmazdı.
Bu fikirləri Teleqraf.com-a sabiq nazir, professor Firudin Cəlilov Türk ordusunun Azərbaycana gələcəyi haqda xəbərləri şərh edərkən deyib.
Onun fikrincə, noyabrın 10-da imzalanan bəyanata əsasən Rusiya ilə yanaşı Türkiyə də sülhə nəzarət etmək üçün monitorinq mərkəzində iştirak edəcək:
“Təbii ki, monitorinq mərkəzinin geniş səlahiyyəti yoxdur. Üstəlik bu, bilavasitə təmas xəttində yerləşməyəcək. Sözsüz ki, bu, insafsızlıqdır və doğru deyil. Odur ki, Türk əsgərinin bu mərhələdə Azərbaycanda olması bizə hava və su kimi lazımdır. Mütləq Türk ordusu bura gəlməli və Qarabağ münaqişəsinin II mərhələsində - masada iştirak etməlidir. Çox müsbət haldır ki, artıq bu məsələ həll olunur”.