23 Noyabr 2020 15:22
10 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Prezidenti Makronun bugünədək üzərimizə yağdırmadığı şər, böhtan qalmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Fransa başçısının proseslərlə əlaqədar ikiüzlü siyasət yürütdüyünü bildirib:

“Emmanuel Makron sentyabrın 27-dən başlayaraq, işğalçı ölkənin və onun separatçı tör-töküntüsünün vəkili, himayəçisi və sözçüsü kimi davrandıqdan sonra, 3-5 nəfərin qarşısında, smartfon kamerasıyla çəkilən videotəlimatını paylaşmaqla, “Beynəlxalq hüquqa əsasən, BMT tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır” deməklə, vəziyyəti nisbətən yumşaltmaq, hansısa mərhələdə prosesə yenidən qayıtmaq üçün “üz yeri” qoymaq istəyir.

Bugünədək üzərimizə yağdırmadığı şər, böhtan qalmayıb. Məgər ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin prezidenti beynəlxalq hüquqa əsasən, BMT tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanındığını bilmirdi? Əlbəttə bilirdi! Amma indi Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə regionda yeni reallıqların yarandığını, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri və törətməkdə olduqları vəhşilikləri bütün dünyanın gördüyünü anlayır və Cənubi Qafqazdan tamamilə əlinin üzülməməsi üçün manevr xarakterli gedişlər etməklə itirilmiş mövqelərini mümkün qədər bərpa etməyə çalışır”.

Elçin Mirzəbəyli Fransa liderinin əməldə yox, sözdə davranmasına da diqqət çəkib:

“Biz sözə yox, əmələ önəm verməliyik. “Filankəs filan sözü dedi, filan bəyanatı verdi” kimi bir zamanlar məğlubiyyət acımızı ovutmaq üçün istənilən dilucu həqiqətə “urra” dediyimiz günlər geridə qalıb. Azərbaycanın qələbəsindən, Ermənistanın kapitulyasıyasından sonra “val”ı ənənəvi istiqamətə dəyişiblər. Vətən müharibəsindən öncəki strategiyaya qayıdıblar. “Beşinci kolon”u və onun xaricdəki tör-töküntülərini üzərimizə hürdürməklə, ictimai rəydə çat yaratmağa, qalib olduğumuz halda bizə məğlub kompleksi biçməyə çalışırlar. Yeməzlər”.

“İti qovan” əməliyyatı davam edir. Bu, “yal üçün hürənlərə” də aiddir”.


Müəllif: Mənsur Rəğbətoğlu