29 Dekabr 2020 14:53
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il gərgin və şərəfli oldu. Bir çox çətinliklər və problemlərin fonunda biz bu ili qələbə ilə başa vururuq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etdi. Ərazi bütövlüyümüz təmin olundu. Biz həmişə “Qarabağın işğaldan azad edilməsi”ni müzakirə edirdik. İndi isə “Qarabağda bərpa-quruculuq işləri”ndən danışırıq. “Böyük qayıdış”ın təmin edilməsi və işğaldan azad olunmuş şəhər və kəndlərin bərpası və yenidən qurulması gələn ilin dövlət büdcəsində öz əksini tapıb. Həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, dünyada, o cümlədən Azərbaycanda da COVİD-19 pandemiyası bütün sahələrə təsir edib:

“Bəzi dövlətlər ən vacib sosial xərcləri ödəməkdə çətinlik çəkdiyi halda, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ardıcıl iqtisadi islahatlar, sosial layihələr həyata keçirilir. Aztəminatlı və həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. Ölkə başçısının vaxtında və qətiyyətli qərarları, hökumətə verdiyi tapşırıqları nəticəsində Azərbaycan hər il mötəbər beynəlxalq hesabatlarda irəliləyir. Dünya Bankının “Doing Business” 2020-ci il hesabatına əsasən Azərbaycan 191 ölkə üzrə 6 pillə irəliləyərək 28-ci yerə layiq görülüb. Dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri elan olunub. Bu, 2020-ci ildə iqtisadi dayanıqlılığı təsdiq edir. 2021-ci ildə ölkə iqtisadiyyatının artım mərhələsinə qədəm qoymasına imkan yaradacaq”.

Millət vəkili artıq bir neçə gündür müvafiq dövlət qurumlarında, Milli Məclisin plenar iclaslarında çox vacib müzakirələr aparıldığını qeyd edib:

“Pandemiya və Vətən müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə, dövlət qurumları geniş, əhatəli büdcə zərfi hazırlayıb. Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın göstərişi ilə ilk dəfə olaraq bu müzakirədə bütün deputatların iştirakı təmin olunub. 2021-ci ilin dövlət büdcəsi hazırlanan zaman ölkə həyatında yaranan yeni reallıq və çağırışlar da nəzərə alınıb. Hökumətin pandemiya, post-müharibə dövründə görəcəyi işlər 2021-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb. Gələn ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması nəzərə alınıb. Gözənildiyi kimi, gələn il də dövlət büdcəsi sosial yönümlü olacaq. Hökumət gələn il sosial sferadakı islahatlarla insanların məşğulluğunu, o cümlədən qadın məşğulluğunu maksimum təmin etmək istiqamətində daha ciddi addımlar atmağı planlaşdırır. Müzakirələr zamanı region üçün mühüm və çox ciddi layihələrin həyata keçirilməsi haqqında fikirlər oldu”.

Hicran Hüseynova vurğulayıb ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olaraq iclasda bir sıra təkliflər səsləndirdim:

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri təsdiq olunub. 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncama müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Artıq belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Aİlə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaratdığı Qadın Resurs Mərkəzləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq layihələri, Kənd Təsərrüfatı Nazirliyinin “AFAQ” layihəsi buna əyani misaldır. Bu sahədə işləri daha da genişləndirməsi təklif olundu. Həmçinin qadın məşğulluğunun təmin edilməsi və qadın sahibkarlığının inkişaf etdirilməsi üçün uşaq bağçalarının və qayğı mərkəzlərinin sayının artırılmasına ehtiyac var. Qeyd etməliyəm ki, bir çox dövlətlərdə bu problem var. Ölkədə 1-5 yaşlı uşaqların cəmi 28,5 faizi uşaq bağçası ilə əhatə olunub. Doğrudur bu göstərici əvvəlki illərlə müqayisədə cüzi də olsa artıb. Lakin uşaq bağçalarının, eləcə də qayğı mərkəzlərinin az olması, bəzi rayon, qəsəbə və kəndlərdə heç olmaması qadınları işləmək imkanlarından məhrum edir.

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” da təsdiq edildi. Bu sənəddən irəli gələrək bir sıra mühüm tədbir və layihələrin həyata keçirilməsi gözlənilir. Lakin bununla yanaşı uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmasına, yaxud təkmilləşdirilməsinə ehtiyac vardır. Bununla əlaqədar qonşu ölkələrin müsbət təcrübəsi var. İndiki vəziyyəti nəzərə alaraq çoxuşaqlı və aztəminatlı ailələrə heç olmazsa, bayramlarda belə bir paket təqdim olun bilər. Gələcəkdə isə davamlı və aylıq ödənişlər etmək olar. Həmçinin 3 yaşına qədər uşağı olan ailələrə verilən müavinətin artırılması və həmin məbləğin stabil olaraq 3 il müddətində verilməsi ailələrin və uşaqların rifahına müsbət təsir göstərəcəkdir. Əgər 2001-ci ildə alimentin alınması ilə bağlı məhkəmə qərarlarının icrasının sayı 2260 idisə, 2019-cu ildə bu rəqəm 93 939 olub. Bu statistik göstəricilər və eləcə də edilən müraciətlər bir daha Aliment Fondunun yaradılması məsələsini aktuallaşdırır. İpoteka kreditlərinin Qarabağ Müharibəsi veteranlarına, həkim və müəllimlərə də şamil olunması sosial tələbatın tələblərindən biridir. Bu təkliflərin bir çoxu nəzərə alındı, eləcə də bəzi suallara aydınlıq gətirildi”.

Sumqayıt şəhərinin deputatı bəzi məsələlərin Parlamentin müzakirəsində diqqətə çatdırıldığını qeyd edib:

“Ölkə başçısı tərəfindən bütün şəhər və rayonlarımıza, o cümlədən, Sumqayıt şəhərinə də xüsusi diqqət göstərilir. Lakin bununla yanaşı, bəzi problemləri hələ də mövcuddur. Şəhərin 30 faizi istiliklə təmin olunub, qalan 70 faiz isə öz həllini gözləyir. Binaların dam örtüklərinin 80 faizi təmir olunsa da, 20 faizi isə hələ də öz həllini tapmayıb. Sumqayıtda insanların sağlamlığını, məişət tullantılarının düzgün emal olunması və ekologiyanın qorunması üçün Məişət Tullantıları Zavodun tikilməsinə ehtiyac var.

Milli Məclisdə müzakirəyə çıxarılan büdcə zərfi sənədləri də özündə məhz ölkə həyatında müşahidə olunan dəyişiklikləri əhatəli şəkildə əks etdirir. Vətən müharibəsində qalib gəlmiş bir dövlətin büdcəsini qəbul edilməsində iştirak etmək tarixi bir hadisədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər