Cənubi Qafqazda Azərbaycanın qələbəsi ilə başa çatan müharibə də daxil olmaqla, son illərdə regionda baş verən hadisələr Türkiyənin mövqeyini gücləndirməkdədir. Türkiyə dövləti artıq regional gücdən, qlobal gücə çevrilmə mərhələsinə qədəm qoyub. Bunu Liviyada, Suriyada, Aralıq dənizində və Cənubi Qafqazda baş verən gərgin proseslərin gedişatı da göstərir. Ən yaxın müttəfiqi kimi Azərbaycanın ikinci Qarabağ müharibəsində əldə etdiyi qələbə, bizimlə paralel Türkiyə üçün də çox geniş imkanlar açıb.
Bunu Teleqraf.com-a siyasi şərhçi Xəyal Bəşirov deyib.
O qeyd edib ki, qardaş Türkiyə ilə yeganə sərhədimiz olan Naxçıvanla Azərbaycanın quruda sərhədlərinin bərpası artıq reallaşır:
“Bu amil Qara və Aralıq dənizləri ilə Avropaya geniş ticarət imkanları yaradan Atlantik okeanına çıxışı olan Türkiyəyə daha geniş platformalar vəd edir. Azərbaycan üzərindən Xəzər dənizinə və mütləq əksəriyyəti türk mənşəli ölkələrdən ibarət Mərkəzi Asiya vasitəsi ilə uzaq Şərqə və Sakit okeanına qədər geniş imkanlar açılır. 1925-ci ilə qədər “Türküstan” adlandırılan Mərkəzi Asiya ilə yanaşı, Rusiyanın Cənub-Qərbindən Şimal Şərqinə qədər uzanan və Çində yaşayan çoxsaylı uyğurlar da daxil olmaqla türk xalqlarının coğrafiyasını nəzər almaq vacibdir. Belə olan halda, yaranan bu vəziyyətin təkcə iqtisadi deyil, həm də böyük siyasi imkanlar da vəd etdiyini anlamaq mümkündür”.
Siyasi şərhçiyə görə, baş verən proseslərin məntiqi nəticələri, yarandıqları gündən indiyə qədər İran-Turan rəqibləri kimi tanınan İranla Türkiyənin də mövqeyində müəyyən yumşalmalara gətirəcək:
”Ən azı, bu cür yumşalmaları iqtisadi müstəvidə hiss etmək mümkün olacaq. Çünki ilk dəfədir ki, Türkiyə dövlətinin İran üçün də həyati əhəmiyyət kəsb edən Cənubi Qafqaz coğrafiyasında mövqeyi çox güclənəcək. Əslində, buna Türkiyənin haqqı bütün digər ölkələrdən daha çoxdur. Bunu, Azərbaycan Prezidenti İlham Əliyev də, özünün çıxışlarında dəfələrlə əsaslandırıb. Cənab Prezident İlham Əliyev Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi ilə, eyni zamanda həmsərhəd olan yeganə dövlət olduğunu vurğulayıb. Bu amil imkan verir ki, Türkiyə regionumuzda baş verən hadisələrdə maraqlı və narahatedici mövqedən çıxış etsin".
X.Bəşirov yaxın zamanlarda, güclənməkdə olan Türkiyənin ətrafında yeni bir güc mərkəzinin formalaşdığının reallaşmasının şahidi olacağımızı da əlavə edib:
“Bu mərkəzdə bəzi Avropa ölkələrinin təmsil olunacağı ilə yanaşı, bir çox aparıcı dünya dövlətlərinin onunla əməkdaşlıqda maraqlı olacağını da proqnozlaşdırmaq mümkündür. Ancaq, hər bir halda çox sürətli dəyişikliklərin baş verdiyi dünyamızda hadisələrin cərəyan istiqamətlərinin dəyişilmə imkanları da istisna olunmur”.