5 Yanvar 2021 09:05
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın uğurları, perspektivləri 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşib. Cənab Prezident İlham Əliyev bu siyasi xətti, praktikanı davam etdirir. Onun gündəlik fəaliyyəti, verdiyi açıqlamalar Azərbaycan üçün prioritet olan prinsipləri özündə ehtiva edir. Müstəqilliyin, milli dövlətçiliyin, ərazi bütövlüyünün qorunması bu siyasətin başlıca prioritetidir. Bu ildən başlayaraq işğaldan azad edilmiş torpaqların intensiv bərpasına başlanılır. Məcburi köçkünlərin yurdlarına qayıtması başlıca vəzifədir. Bütün bunlar həyata keçirilən siyasətin bir hissəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun fikrincə, 1993-cü ildən bu günə qədər davam edən prioritetlər var ki, onlar uğurla icra olunur:

“Ölkəmizin beynəlxalq birlikdə mövqeyinin, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində yerinin möhkəmləndirilməsi siyasi kursun tərkib hisəsidir. Dostlarımızın sayı artır. Cənubi Qafqaz sülh və əməkdaşlıq zonasına çevrilir. Azərbaycanın təşəbbüsü ilə bölgədə bir sıra iqtisadi layihələr həyata keçirilir. Artıq Azərbaycanın bölgə üçün həyata keçirdiyi siyasət öz səmərəsini verir”.

Deputat bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra ölkə başçısı bu layihələrdə Ermənistanın iştirakının mümkünlüyünün anonsunu verib: “Bundan sonra seçim Ermənistanındır. Görünən odur ki, Azərbaycan realist, praqmatik, milli maraqlarının qorunduğu siyasət həyata keçirir.

Bu siyasətin mərkəzində insan faktoru, vətəndaşın maraqları dayanır. Vətəndaşın təhlükəsizliyinin təmin edilməsi, hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsidir. İnsanların sosial durumu da siyasi hakimiyyətin diqqətdə saxladığı, həll etdiyi məsələlərdəndir. 2021-ci ildə sadalanan istiqamətlər üzrə görülən işlər daha da gücləndiriləcək. Halbuki çox ağır bir müharibə aparmalı olduq, işğaldan azad olunan torpaqların bərpasına çox böyük vəsait tələb olunacaq. Çünki Ermənistan həmin əraziləri tamamilə viran qoyub. Burada yaşamayacaqlarını bildiklərinə görə, evləri, kommunikasiyaları, qəbirləri belə dağıdıblar. Ona görə də işğaldan azad olunan bütün ərazilər sıfırdan bərpa olunmalıdır”.

Aydın Mirzəzadə böyük problemlərin həllinə vəsaitlərin ayrılmasına baxmayaraq, dövlət büdcəsinin ildən-ilə artırıldığını söyləyib: “Bu gün Azərbaycanın hər hansı bir iqtisadi problemindən söhbət gedə bilməz. Əksinə ölkə iqtisadiyyatı daha da yenilənir. İldən-ilə neftdən büdcəyə daxilolmaların həcmi azalır. 2021-ci il üçün bu 45 faiz təşkil edəcək. Azərbaycan qarşısına real vəzifələr qoyur. Bunları həll edə bilir”.

Deputat ulu öndər Heydər Əliyevin vaxtilə başladığı işi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini vurğulayıb: “Aparılan siyasət vətəndaşların marağına cavab verir. Bu siyasət cəmiyyət tərəfindən dəstəklənir. Ölkəmizin qarşısında duran problemlər və onların həlli yolları müəyyənləşir. Ona görə də, 2021-ci il əvvəlki illər kimi inkişaf və hər birimizin qürur duyacağı bir il olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər