Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, Prezidentin kadr islahatlarının davam etdiriləcəyi barədə son açıqlamasını necə qəbul etdiniz? Kadr islahatları ilə ciddi nəticələrə nail olmaq mümkündürmü?
- Əlbəttə, ölkədə bütün sahələri əhatə edən sistemli islahatların genişləndirilməsinə ehtiyac var. Amma onu da nəzərə almalıyıq ki, kadrlar hər şeyi həll etməsə də, onlardan çox şey asılıdır. Azərbaycan Dəmir Yolları və "Azərenerji"dəki vəziyyətə diqqət yetirək. C.Qurbanov və B.Rzayevin müvafiq olaraq həmin sahələrə rəhbər təyin olunmasından sonra görün həmin istiqamətdə necə köklü dəyişikliklər baş verdi. Bu gün hər iki təşkilat, o cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə böyük işlərə başlayıb, fədakarcasına çalışırlar. Bunları görüb qiymətləndirmək lazımdır. Kimsə deyə bilər ki, həmin sahələrə Prezident xüsusi diqqət göstərir, maliyyə ilə təmin edir. Bütün bunlar doğrudur. Amma bunlarla yanaşı işin düzgün qurulması və təşkilatçılıq bacarığı da müstəsna əhəmiyyət kəsb edir. Şəxsən mən, müəyyən istisnalarla, son illər yüksək vəzifələrə təyin olunmuş kadrların fəaliyyətini qənaətbəxş hesab edirəm və kadr islahatları əlbəttə ki, davam etdirilməlidir. Bununla yanaşı, elə problemlər var ki, bunları artıq köklü islahatlar nəticəsində həll etmək mümkündür.
- Prezidentin Milli Şura haqqında dediklərinə də münasibətinizi bilmək istərdik.
- Vətən müharibəsində qazanılan qələbədən sonra Prezidenti kimdənsə asılılıqda, qətiyyətsizlikdə, rus sülhməramlılarının Azərbaycana gəlməsinə görə xəyanətdə suçlamaq üçün adam gərək ən azı vicdanını itirsin. Milli Şura və Qərb ölkələrinə sığınıb bir tikə çörək qarşılığında hər şeyə hazır olanlar məhz bu işlə məşğuldurlar. Onlar fikirləşirlər ki, Prezidentin ünvanına hər şey deyə bilərlər, amma Prezident onlara cavab verməməlidir. Onlar heç vaxt xalqa demədilər ki, torpaqlarımızı necə işğaldan azad edəcəkdilər. Heç vaxt xalqdan soruşmadılar ki, onlar "rus sülhməramlıları gəlməsin və torpaqlar da işğal altında qalsın" formulasını dəstəkləyirlərmi? Bütün bunları etmədən, utanmadan xalqın adından danışırlar. Ermənistan birgə Bəyənnaməni kapitulyasiya aktı kimi qəbul etsə də, bunlar deyir ki, yox, bu, kapitulyasiya aktı deyil. Əgər müharibə edən tərəflərdən biri digərinə öz şərtlərini təqdim edirsə və digər tərəf bunu qəbul edib müharibənin dayandırılmasını istəyirsə, bu kapitulyasiyadır.
Prezident Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasını tələb edirdi və bu tələb də Ermənistan tərəfindən qəbul olundu. Niyə daha çox şey tələb etməyib sual oluna bilər. Bu həm başqa mövzudur, həm də Rusiya və Qərb faktorunu diqqətdən qaçırmaq olmaz. Həmin şəxslər bunu başa düşməsəydi, onlara heç əhəmiyyət də verməmək olardı, amma onlar həm də başqalarının "dili" olduqları üçün onlara (əslində onları danışdıranlara) cavab verilməsini Prezident zəruri hesab edib. Müharibə zamanı xalqın qəzəbindən qorxub ümummilli mövqedən çıxış etdilər, Prezident də onlar haqqında xoş sözlər dedi. Elə ki, təhqirə və ağır ittihamlara başladılar, Prezident tərəfindən adekvat cavab aldılar. Halbuki, Qarabağ məsələsində bizim hələ də milli birliyə böyük ehtiyacımız var.