Moskva görüşündə iki məqamı xüsusilə qeyd etmək lazımdır. Birincisi, münaqişə tarixdə qaldı. Münaqişədən çıxmaq üçün Ermənistan revanşizmə son qoymalı, dünənki deyil, bugünkü günün reallığı və sabahkı günün onlara açdığı perspektivlər haqqında düşünməlidir. İkincisi, Moskvada bəyanat imzalandı və bu sənəd bölgədə kommunikasiyaların açılmasını özündə ehtiva edir. Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir və avtomobil yolları sözsüz ki, Rusiyanın da maraqlarına uyğundur. Əlbəttə Ermənistanın da regiondakı proseslərə inteqrasiyası bu ölkənin ağır sosial-iqtisadi böhrandan çıxması baxımınından yeganə xilas yoludur. Odur ki, bu saziş əslində regional əməkdaşlıq üçün ciddi perspektivlər yaradır. Moskva görüşü və imzalanan sənəd münaqişədən sonra əməkdaşlığa keçid yolunu nümayiş etdirir. Ermənistan prosesə bugünün reallığını nəzərə alaraq uyğunlaşmalıdır. Bu, Ermənstan dövləti üçün yeganə xilas yoludur. Müharibəyə və mifoloji təfəkkürə son qoyaraq real əməkdaşlıq haqqında düşünməlidir.
Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Moskva görüşünün nəticələrini şərh edərkən deyib.
Asim Mollazadə hesab edir ki, Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinin həll edilmədiyi, status probleminin qaldığı və Minsk Qrupuna vurğu etməsi bir tərəfdən erməni daxili cəmiyyəti üçün deyilirsə, digər tərəfdən mifoloji ümidlərin davamıdır:
“Əslində belə bir mifologiyadan xilas olmaq çox çətindir. Dünənki gündən çıxmağı bacarmalıdırlar.
Burada başqa bir məqam da var. Xaricdə yaşayan ermənilər Ermənistanda yaşayan erməniləri hər zaman qurban verməyə hazırdırlar. Xaricdəki ermənilərə qurban lazımdır ki, genosid oyunlarını davam etdirərək öz fəaliyyətləri üçün maliyyə mənbələrini genişləndirsinlər. Yəni tamamilə fərqli vəziyyət yaranıb. Fransa, ABŞ da yaşayıb, amma genosid oyunlarını davam etdirmək üçün yeni qurbanlar istəyirlər. Ermənistanda və Qarabağda olan erməniləri göz qırpımında qurban verməyə hazırdırlar. Amma Ermənistanda müharibə tərəfdarları azdır və heç kim övladını ölümə göndərmək, kimlərinsə siyasi maraqlarının təmin edilməsində vasitə olmaq istəmirlər”.
Deputat qeyd edib ki, Paşinyan kommunikasiya xətlərinin açılması ilə bölgədə mənzərənin dəyişəcəyini anlayır:
“Amma təkcə öz fikirini demir. Müşahidələr göstərir ki, müharibə cinayətlərində iştirak edən ünsürlər indi Ermənistanı yenə də müharibə yoluna çəkməyə çalışırlar. Amma Ermənistanda müharibəyə qarşı da etirazlar var. Onlar uşaqlarını kimlərinsə siyasi iddialarına qurban vermək istəmirlər. Bunun üçün real perspektivlər açılıb. Moskvada imzalanan saziş əslində Ermənistanın xilas yoludur”.