RT-nin “Unudulmaz tarix” layihəsi çərçivəsində SSRİ Baş Prokurorluğunun əfsanəvi müstəntiqi, III dərəcəli dövlət ədliyyə müşaviri Vladimir Kaliniçenko ilə müsahibə dərc olunub.
Teleqraf.com bildirir ki, V.Kaliniçenko 4 dekabr 1947-ci ildə doğulub. O, 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi olub.
V.Kaliniçenko 1980-ci il dekabrın 26-da axşam Moskva metropoliteninin “Jdanovskaya” (indiki “Vıxino”) stansiyasında baş verən qətl hadisəsini (Ubiystvo na “Jdanovskoy”) təhqiq edən SSRİ Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsinin birgə operativ əməliyyat-istintaq qrupuna rəhbərlik edib. “Əsrin sirri” adlandırılan bu cinayət işi SSRİ DTK-sı katibliyinin rəis müavini, dövlət təhlükəsizliyi mayoru Vyaçeslav Afanasyevin “Jdanovskaya” stansiyası xətt milis əməkdaşları tərəfindən qətlə yetirilməsini ehtiva edir. Bütün Sovet İttifaqında geniş rezonans doğuran bu qətl SSRİ DTK-sının Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarına qarşı başlatdığı və SSRİ Baş Prokurorluğu tərəfindən dəstəklənən genişmiqyaslı istintaqın başlanğıc nöqtəsi olub. Qətldə bilavasitə iştirak edən 4 milis əməkdaşı ən ağır cəzaya – güllələnməyə məhkum edilib, cinayət işi üzrə digər təqsirləndirilənlər uzunmüddətli həbs cəzası alıb. Moskva xətt milis şöbələrinin 300-dən çox əməkdaşı işdən çıxarılıb.
İstintaq zamanı ortaya çıxan faktlar 1982-ci ildə SSRİ daxili işlər naziri, ordu generalı Nikolay Şyolokovun vəzifəsindən azad edilməsinə səbəb olub. O, bütün dövlət təltiflərindən və hərbi rütbələrindən məhrum edilib. Nikolay Şyolokov Sosialist Əməyi Qəhrəmanı adından da məhrum edildiyi günün səhəri – 1984-cü il dekabrın 13-də özünü ov tüfəngi ilə başından vuraraq intihar edib.
Bundan əlavə Vladimir Kaliniçenkonun aktivində Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1960-1986-cı illərdə birinci katibi olmuş Dinmuhamed Kunayevlə bağlı cinayət işi, manyakların tutulması, sovet epoxasının işarəsi halına gələn mürəkkəb korrupsiya işlərinin araşdırılması, sovet elitası arasında yayılan rüşvətxorluq halların ifşa edilməsi, habelə bir sıra digər səs-küylü işlər də var.
Teleqraf.com müsahibənin Azərbaycan oxucusu üçün daha əhəmiyyətli olan iki sualını və onlara verilən cavabları təqdim edir.
– Vladimir İvanoviç, siz 1988-ci ildə ermənilərlə bağlı xoşagəlməz hadisələrin baş verdiyi Azərbaycanın Sumqayıt şəhərində işləmisiniz. Hansı ki, bir çoxları Dağlıq Qarabağdakı münaqişənin başlanğıcını buradan götürür. Bundan əlavə, siz 1990-cı ildə qırğızlar və özbəklər arasında tükürpədici qırğınların yaşandığı Qırğızıstan Oş şəhərində olmusunuz...
– Mən hesab edirəm ki, Qorbaçov (Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov nəzərdə tutulur-S.Həmid) millətlərarası münasibətlərin kəskinləşməsindən SSRİ-nin dağılması üçün qəsdən istifadə edirdi. Və bunu lap əvvəldən edirdi. Mən məqalələrimin birində bu mövzunu o dövrdəki digər bu kimi münaqişələrin nümunəsi də daxil olmaqla ətraflı analiz etmişəm.
Nədənsə bizdə hamı SSRİ-dəki milli münaqişələri 1988-ci il Sumqayıt hadisələri ilə əlaqələndirir və bununla məhdudlaşdırır. Əslində isə hər şey 1986-cı ildə başlayıb. O, (Qorbaçov nəzərdə tutulur-S.Həmid) Qazaxıstan SSR-in başçısı Dinmuhamed Kunayevdən qurtulub ora Gennadi Kolbini göndərdi. Bununla da Alma-Atada tələbə etirazları başladı.
Və eyni vaxtda digər yerlərdə də belə münaqişə ocaqları yanmağa başlayır. Mən hesab edirəm ki, bunlar tamamilə şüurlu, düşünülmüş hərəkətlər idi.
– Siz Qazaxıstanı xatırlatdınız. Kitabınızda yazılanlanlara görə, orada respublika rəhbərliyində həqiqətən mürəkkəb proseslər var idi. Bütün səlahiyyətlərə malik olmağınıza baxmayaraq rüşvət almaqda şübhəli bilinən ixtiyar Kunayevi həbs etməkdən imtina etməyiniz məni heyran etdi.
– Qazaxıstandakı korrupsiya işinin istintaqı zamanı Kunayevin özü ilə əlaqə qurdum. Bu, onun istefasından sonra oldu. Kunayevin statusunu nəzərə alaraq SSRİ Baş prokuroru Rekunkova (Aleksandr Rekunkov 1981-88-ci illərdə SSRİ-nin Baş prokuroru olub-S.Həmid) məruzə etdim və onunla nə edəcəyimi soruşdum. O, əllərini yudu və bu məsələni Kolbinlə həll etməyi təklif etdi. Mən Kolbinlə görüşdüm. O dedi ki, Moskvada Qorbaçovla məsləhətləşib sonra cavab verəcək. Qayıtdıqdan sonra o məni dəvət etdi və dedi: “Vladimir İvanoviç, Qorbaçov dedi, qoy Kaliniçenko özü qərar qəbul etsin, əgər əmindirsə, Kunayev mühakimə olunacaq”.
Ancaq mən çətin bir vəziyyətlə qarşılaşdım. Mən bilirdim ki, onu həbs etsəm, sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq həbsxanada sağ qalmayacaq. Mən cinayət işini bərkidə bilərdim, bu zaman o, orada günahkar damğası ilə ölə bilərdi. Yəni, özüm üçün bu vəziyyətdə qüsursuz davranardım. Ancaq mən Kunayevin qazaxlar üçün nələr etdiyini çox gözəl başa düşürdüm. Mən onunla bu cür rəftar etməməliydim.
Əvvəlcə onu dindirmək lazım idi və respublika prokuroru Kunayevi onların binasında dindirməməyim üçün dua edirdi. Bu zaman mən Kunayevə zəng edirəm və rəsmi olaraq onunla danışmalı olduğumu söyləyirəm. Bunu onun evində etməyi təklif edirəm. O razılaşır. Mən gəlirəm, həkim yanımdadır, davamlı olaraq ona iynə vurur. Mən ona rüşvət almağa dair faktları təqdim edirəm. O hər şeyi inkar edir. Mən protokol tərtib etməyi başa çatdırdıqdan sonra o məndən soruşdu: “Mən təqsirləndirilənəm?” Mən cavab verdim ki, şahid kimi dindirilirsiniz. Mənim onu aldatmadığımla bağlı əminliyimdən sonra o, imzasını qoydu. Yəni, mən onu sakitcə həbs edə bilərdim, ən yuxarıdan razılıq var idi, amma mən şüurlu olaraq buna getmədim və o, qazaxların böyük əksəriyyəti üçün qəhrəman olaraq qaldı.