Vətən müharibəsinin başlaması normal olaraq əfv və ya amnistiya məsələsini bir qədər arxa plana keçirdi. Əslində ötən ilin dekabrda əfvin olacağı ehtimalı var idi. Artıq müharibə bitib. Hesab edirəm ki, əfv olacaq. Mümkündür ki, amnistiya aktı da qəbul edilsin. Bunu gözləyirik.
Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi bildirib ki, artıq bəzi deputatlar da Əfv Komissiyasının iclasının keiriləcəyini qeyd edirlər:
“Əlbəttə, istənilən halda əfv və amnistiya müsbət hadisədir. İnsanlar azadlığa buraxılır, ailələri ilə qovuşur. Biz bu cür humanist addımları hər zaman dəstəkləmişik. Özümüzün də planında var ki, bir araya gələrək bu barədə müzakirə aparaq. Həmin müzakirə - görüşlərimizdən biri də bu gün baş tutacaq".
Novella Cəfəroğlu əlavə edib ki, Azərbaycanın apardığı müharibə zamanı ölkə daxilində möhkəm həmrəylik nümayiş etdirilib və bu, təqdirə layiq haldır:
“Mən təklif edirəm ki, daha çox insan azadlığa buraxılsın. Biz müharibəni udduq, vətəndaşlarımız bir yerdə birlik nümayiş etdirdi. Bu bir daha göstərdi ki, biz bir yerdə olanda uğura nail ola bilirik. Təklifimiz əfv olunanların sayının artırılmasıdır. Görüləcək çox işlərimiz var. Ən azından yüz minlərlə insanımız ata-baba ocağına qayıdacaq. Bu insanları hazırlamaq, psixoloji dəstək vermək lazımdır. Digər bir təklifim isə bizim siyahımızda olanların, başqa hüquq müdafiəçilərinin təklif etdiyi insanların azadlığa buraxılmasıdır. Bu, milli həmrəyliyimizin növbəti nümayişi olar. Hesab edirəm ki, belə də olacaq”.