21 Yanvar 2021 20:00
4 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Navalnı hadisəsi və “Şimal Axını-2” layihəsinə sanksiyalar göstərir ki, Rusiya ilə siyasətdə sərt xətt götürülür”

Teleqraf.com “Turan” İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevlə müsahibəni təqdim edir.

- Mehman müəllim, ABŞ-da Co Baydenin timsalında Demokrat Partiyası hakimiyyətə gəldi və yaxın 4 il ərzində ölkəni yeni komanda idarə edəcək. Siz, ABŞ-ın yaxın dövr üçün siyasətində hansı prioritetləri önə çıxaracağını gözləyirsiniz?

- Ümumilikdə ABŞ-da bütün prezidentlər Amerika milli maraqlarından irəli gələrək fəaliyyət göstərir və bu maraqları təmsil edir. Sadəcə olaraq hər bir mərhələdə maraqlar dəyişə, siyasətə hansısa korrektələr ola bilər. Məsələn, hansısa ölkələrə qarşı münasibət sərtləşə də, yumşala da bilər. Eləcə də iqtisadiyyatda gedişlərin radikal və ya liberal olması mümkündür. Bunlara təbii yanaşmaq lazımdır. Həm də nəzərə alınmalıdır ki, ABŞ-da bu istiqamətdə böyük institutlar, araşdırma mərkəzləri işləyir.

ABŞ avtoritar ölkə deyil ki, orada hakimiyyətə yeni prezident gəlsin və istədiyi addımları həyata keçirsin. Məsələn, Tramp buna cəhd etmişdi, amma hər dəfə ciddi müqavimətlə üzəşmişdi. Yəni orada ümumi maraqlardan kənara çıxmaq gözlənilən deyil.

ABŞ-da prezidentlər araşdırma mərkəzləri, institutlar tərəfindən bütün istiqamətlər üzrə hazırlanan proqram və tövsiyələri həyata keçirir. Bu mənada prezidentlərin fərdi şəkildə subyektiv addımların atmasını gözləmirəm. Co Bayden də bu dəst-xəttə sadiq olacaq. Əslində Donald Tramp da heç subyektiv addımlar atmırdı, sadəcə olaraq o, siyasəti təmsil edir, səsləndirir və o istiqamətdə maraqları qoruyurdu. Mən belə düşünürəm. Yəni ABŞ-da ümumi siyasəti dəyişmək mümkün deyil. Çünki bu siyasət alt qatlarda hazırlanır, müzakirələrdən keçir və formalaşır. Prezidentlər isə adətən bu siyasəti elan edənlər və həyata keçirənlərdir.

- Co Bayden administrasiyasının Azərbaycan və Türkiyə ilə münasibətləri necə olacaq, bu münasibətlərin gərginləşməsi ehtimalları varmı?

- Mənim qənaətimcə, münasibətlər normal, ola bilsin normaldan da yaxşı olacaq. Bunun da səbəbi var. Qarabağda başlanan müharibə ərəfəsində və müharibənin getdiyi dövrlərdə ABŞ-ın Azərbaycana münasibəti normal olub. ABŞ bu müharibədə əldə edəcəyimiz nəticələrin qarşısını almağa cəhd etməyib. Fikrimcə, əslində bunun özü dəstəkdir. Həm də bu, elə-belə də baş verməyib. Zənnimcə, bunun arxasında böyük maraqlar və gedişlər var. Mən regionu nəzərdə tuturam. Odur ki, bəzi mütəxəssislərin düşündüyündən fərqli olaraq hesab edirəm ki, Amerika-Azərbaycan münasibətləri çox yaxşı olacaq.

Eləcə də ABŞ tərəfindən Türkiyəyə dəstək güclənəcək. Ehtimal kimi qeyd edərdim ki, ABŞ-İsrail-Türiyə üçbucağının regionda güclü təsirləri olacaq. Ümumiyyətlə, prosesə regional baxımdan yanaşmağımız lazımdır. Qənaətimcə, regionda Azərbaycan, Gürcüstan və Ermənistan qeyd etdiyim üçbucaqla sıx əməkdaşlıq edəcək. Bu, qaçılmazdır və biz də bu prosesin içindəyik. Həmçinin Rusiyanın bu reallıqlarla hesablaşacağını və tarazlı şəkildə siyasətini aparacağı gözləniləndir.

- Əksər mütəxəssislər qeyd edirlər ki, İrəvan hökuməti əslində Baydenin hakimiyyətə gəlişini gözləyirdi, çünki bu hökumət ABŞ-da bu şəbəkə ilə daha yaxındır, Vaşinqtonun rəsmi İrəvana dəstəyi arta bilər və s. Erməni Milli Komitəsinin Co Baydenə son çağırışları fonunda sizcə, ABŞ-Ermənistan münasibətlərinin perspektivini necə olacaq?

- Bir daha qeyd edirəm ki, müharibə gedən zaman, ondan öncə də bildirmişəm ki, hər şey maraqlardan irəli gəlir. Bizim regionda maraq kommunikasiyaların, yolların açılması, əməkdaşlığın güclənməsi, iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır. Nə ABŞ-dakı Erməni Milli Komitəsi, nə də digər erməni lobbi qurumları buna təsir edəcək gücdə deyil. Necə ki müharibənin gedişi zamanı ona təsir göstərə bilmədilər. Nəticə göz önündədir.

Mən onu deyə bilərəm ki, Co Bayden administrasiyası dövründə Azərbaycan və Türkiyədən xüsusi tələblər olmayacaq. Daha doğrusu tələblər əsasən azad cəmiyyət, fikir müxtəlifliyi, şəffaf iqtisadiyyat məsələlərinə dair ola bilər. Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan reformalar aparmağa hazırlaşır. Hər halda bunu bəyan edib. ABŞ-ın bizə iradı və həm də istəyi belə olub ki, bu istiqamətdə irəliləyək. Məncə, problem olmamalıdır. Düşünürəm ki, Azərbaycan da bu istiqamətdə müəyyən addımlar atacaq.

- Donald Tramp dövründə ABŞ-ın bir nömrəli rəqibi və həm də düşməni Çin hesab olunurdu. Baydenin dövründə əsas rəqib kim olacaq?

- Sözsüz ki, əsasən Çin və Rusiyanın adını çəkə bilərik. Çünki ABŞ milli təhlükəsizlik konsepsiyasında da əsas təhdid kimi Rusiya və Çin göstərilib. Bu, onu deməyə əsas verir ki, əsas mübarizə də bu ölkələrlə aparılacaq.

Məsələn, nümunə kimi qeyd edim ki, Aleksey Navalnının əhvalatına diqqət etsək görərik ki, Qərb Rusiya ilə sərtləşməyə doğru gedir. Bu, aktiv sərtləşmə mövqeyidir. Digər tərəfdən, Rusiyanın əsas layihələrindən biri olan “Şimal Axını-2” qaz kəməri sanksiyalar altına salınıb. Bu, faktiki təzyiqdir. Əlbəttə, ruslardan da çox şey asılı olacaq.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Mənim zənnimcə, bir azdan Rusiya ilə danışıqlar başlayacaq. Bu prosesi yəqin ki, baharda müşahidə etmək imkanımız olacaq. İstiqamət belə olacaq.

Elə Çinlə də bu istiqamət əsas kimi götürüləcək. Zənnimcə, İranla bağlı siyasətdə də bu, əsas təşkil edəcək. Artıq İran bəyan edib ki, danışıqlara hazırdır və ABŞ-ın yeni administrasiyasından qarşılıq gözləyirlər.

Ümumiyyətlə, Co Baydenin siyasəti nisbətən mülayim, bir növ Barak Obamanın siyasətinin davamı kimi olacaq. Danışıqlar və kompramislər yolu əsas kimi götürüləcək. Yəni müharibə, qarşıdurmalar deyil, qarşılıqlı faydalı əməkdaşlıq xətti əsas kimi önə çıxa bilər.


Müəllif: Nemət Orucov