21 Yanvar 2021 21:13
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi əhəmiyyətə malik hadisədir. Hətta mən deyərdim müstəqil Azərbaycan və Türkmənistan respublikaları arasında imzalanmış 100-dən çox sənəd arasında ən yüksək mahiyyətə malik olan sənəddir. Çünki Xəzərin ehtiyatlarının birgə istismarı sahəsində ilk dəfədir ki, Türkmənistanla belə bir sənəd imzalanır.

Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Türkmənstanın Xəzərin orta xəttinin keçdiyi yerdə yerləşən, faktiki olaraq daha çox hissəsi Azərbaycana məxsus olan sahədə yatağın birgə istismarına razı olması iki ölkəyə və xalqa yalnız böyük fayda verəcək:

“Çünki Türkmənistanın bu quyunu qazması üçün nə texnoloji imkanları, nə də dənizin orta xəttində ortaya çıxan məsələləri həll etmək üçün estakadaları var. Azərbaycanda isə həm bu cür texnologiya, həm də həmin estakadaları istehsal edən Heydər Əliyev adına Dərin Özüllər Zavodu var. Bir sözlə, bütövlükdə imzalanan memorandum yatağın karbohidrogen resurslarının mənimsənilməsi sahəsində həm Azərbaycana, həm də Türkmənistana – iki qardaş türk respublikasına çox böyük fayda verəcək”.

Qabil Hüseynli bildirib ki, bu sənəd gələcəkdə Xəzərin dibindən keçməklə türkmən qazının TANAP layihəsinə cəlb olunması üçün də böyük imkanlar yaradır:

“Amma hər halda ilkin olaraq qeyd etmək lazımdır ki, bu karbohidrogen yatağının birgə istismarına dair imzalanmış memorandum həm böyük iqtisadi, həm də siyasi əhəmiyyətə malikdir”.

Qeyd edək ki, bu gün Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzalayıb. Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər