Azərbaycan regionun lideri, bölgənin əhəmiyyətli dövləti olduğunu bir daha göstərdi. Türkmənistanla münasibətlərin nizama salınmasından sonra regionda yeni bir əməkdaşlıq imkanları yaranıb. Xəzər dənizində Azərbaycanın karbohidrogen ehtiyyatlarının istifadəsi ilə bağlı heç bir problem qalmayıb. Qonşu İranla bağlı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu yaxınlarda İran XİN rəhbərinin ölkəmizə səfəri və mühüm bəyanatlar səsləndirməsi olduqca əhəmiyyətlidir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
Komitə sədrinə görə, İran şirkətlərinin Qarabağda bərpa, quruculuq işlərinə cəlb olunması ilə bağlı səsləndirilən fikirlər yeni əməkdaşlıq imkanları deməkdir:
“Azərbaycan artıq region üçün yeni bir platforma yaradıb. Bu, Azərbaycanın və cənab Prezidentin uğurlu diplomatıya siyasətinin göstəricisidir. Bu platformanın genişlənməsi Azərbaycanı regionda mərkəzi bir dövlətə çevirir”.
Musa Quliyev 11 yanvar bəyanatından sonra regionda münasibətlərin daha da aktiv fazaya keçdiyini vurğulayıb:
“Qonşu ölkələrlə əlaqələr daha da möhkəmlənəcək. Bu əlaqələrin Azərbaycan üzərindən qurulması ölkəmizi çox vacib və əvəzolunmaz bir faktora çevirəcək”.
Millət vəkili regionda 6 dövlətin daxil olduğu platforma yaradılması istiqamətində atılan ilkin addımlardan da bəhs edib:
“Bu platformanın da genişlənməsi labüddür. Qazaxıstan və digər Xəzər hövzəsi dövlətlərinin də bu sistemə qoşulması mümkündür. Bütün bunlar isə ölkəmizin həyata keçirmək istədiyi mühüm konsepsiyanın tərkib hissəsidir. Bu çox vacib bir uğurdur. Proseslərin sonrakı inkişafı da nəzarətdədir. Qarabağda quruculuq, abadlıq işlərində Azərbaycana dost olan dövlətlərin əməkdaşlıq müstəvisi yaranacaq. Naxçıvan üzərindən yeni bir nəqliyyat dəhlizinin açılması qədim İpək Yolunun şaxələnməsi deməkdir. Şimal-Cənub istiqamətində nəqliyyat axını və yüklərin daşınmasında geniş imkanlar yaranacaq. Bütün bunlar cənab Prezidentin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlib. Bunun həqiqi bəhrələrini xalqımız çox yaxın zamanlarda görəcək”.