15 Fevral 2021 16:52
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan panel müzakirələrdən bir il ötür. Prezident İlham Əliyevin sözü ilə əməli hər zaman vəhdət təşkil edib, dövlət başçısı "Qarabağ Azərbaycandır!" şüarının həyata keçirilməsi üçün ardıcıl, qətiyyətli və düşünülmüş fəaliyyət həyata keçirib. 44 günlük müharibədə tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bunun əyani sübutudur”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı deyib.

Onun fikrincə, paneli canlı izləyən media və sosial şəbəkə istifadəçiləri Prezident İlham Əliyevin Ermənistanın baş nazirinə tarix, beynəlxalq hüquq və siyasət dərsi keçməsi adlandırır, bu debatı Azərbaycan Prezidentinin zəfəri kimi qeyd edirdilər:

“Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edən Prezident İlham Əliyev 1805-ci ildə Qarabağ xanı İbrahim xanın Rusiya imperiyasının generalı Sisianovla Kürəkçay sazişi imzaladığını xatırladıb. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ərazi kimi Rusiya imperiyasının tabeçiliyinə keçib. Prezident sazişin mətninin internetdə olduğunu və sazişdə Qarabağın erməni əhalisi barədə heç nə deyilmədiyini dünya ictimaiyyətinin nəzərinə çatdırıb. O cümlədən, erməni tarixçilərinin iddia etdiyi kimi 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycana verilməsi deyil, məhz Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdiyi diqqətə çatdırılıb. Eyni zamanda 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığını, 300 min azərbaycanlının Ermənistan ərazisindən deportasiya olunduğunu, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində ərazilərimizin təxminən 20 faizinin işğal altına düşdüyünü və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, xalqımızın etnik təmizləməyə məruz qaldığını bildirib. Qeyd edib ki, 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törədib. SSRİ dağıldıqdan və Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi bütün dünya tərəfindən qəbul edilib".

Millət vəkilinə görə, müzakirələr zamanı İlham Əliyev daha bir vacib məqama aydınlıq gətirib:

“N.Paşinyan çıxışında Xocalı faciəsinin Azərbaycan tərəfindən törədilməsi ilə bağlı iddia səsləndirib. Üstəlik, bu fikrini "gücləndirmək" üçün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova istinad etməyə çalışıb. Ölkə rəhbəri ona cavabında belə iddiaların erməni jurnalistlərin fantaziyası olduğuna diqqət çəkib. Beləliklə, Prezident "Xocalı faciəsini Azərbaycan törədib" yalanını Münhendə növbəti dəfə darmadağın edib.

Debatda N.Paşinyan tarixi faktları təhrif etməsi, çox zəif ingiliscəsi, həmçinin diletant siyasi təhlili, arqumentsizliyi və savadsızlığı ilə növbəti dəfə çıxılmaz və gülünc duruma düşdüb. Azərbaycan Prezidenti paneldə 19-cu əsrin əvvəllərində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olduğunu xatırladıb. Erməni xalqının öz müqəddəratını təyin etdiyini nəzərə çatdırıb. İkinci dəfə öz müqəddəratını təyin etmək üçün Azərbaycanda yox, planetdə başqa yer tapmağı məsləhət görüb. Bir sözlə, Prezident Əliyev paneldə münaqişə barədə danışarkən beynəlxalq hüquqa, tarixi və hüquqi sənədlərə istinad edib. N. Paşinyan isə ümumiyyətlə özünü tam məlumatsız və təsadüfi bir şəxs kimi aparıb. Hətta arada yanında gətirdiyi erməni yalanını əks etdirən kitaba müraciət etməsi də ona kömək etməyib”.

Deputat əlavə edib ki, sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başladı:

“44 gün davam edən, hər günü bir tarix olan Vətən müharibəsi noyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyanın kapitulyasiya aktına imza atması ilə başa çatdı. Beləliklə, həm daxili və həm də xarici siyasətində sözü və əməli hər zaman vəhdət olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər