17 Fevral 2021 09:41
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı və London arasında hərbi əməkdaşlıq baş tutarsa, bu, avtomatik olaraq, Azərbaycanın bölgədəki status və nüfuzunun daha da artmasına gətirib çıxara bilər. Bu, eyni zamanda, Cənubi Qafqazdakı bəzi dairələri çəkindirmək üçün güclü bir amil olardı”.

Politoloq Zaur Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- İngilis mediasında Azərbaycan və Böyük Britaniya arasında mümkün hərbi əməkdaşlıq barədə müzakirə açılıb. İngilis mənbələrinin iddialarına görə, Britaniya Azərbaycanla hərbi əməkdaşlığa maraq göstərir. Sizcə, belə bir əməkdaşlıq mümkündürmü?

- Müharibəyə qədər Böyük Britaniya-Azərbaycan münasibətlərinin aysberqə bənzədiyini gördük. Müharibə dövründə bu münasibətlərin göründüyündən daha dərin olduğu, tərəflər arasında ciddi danışıqların getdiyi və qərarların verildiyini maşhidə etdik. Yaxşı bilirik ki, Britaniya son 300 ildə dünya gündəmini müəyyən edən, ayrı-ayrı regionlardakı proseslərə güclü təsir imkanları olan üç dövlətdən biridir. Bu baxımdan, Cənubi Qafqazda gedən proseslər də bundan kənarda deyil.

Britaniya-Azərbaycan münasibətlərinin hansı səviyyədə olduğunu, müharibədə BMT Təhlükəsizlik Şurasının keçirilən qapalı iclasında bəzi ölkələrin anti-Azərbaycan qətnaməsi qəbul etmək cəhdlərinə şahid olduq. Britaniyanın sözügedən qurumdakı daimi nümayəndəsinin prinsipial mövqeyi nəticəsində Azərbaycan əleyhinə olan bu qətnamənin qəbul edilməsinə yol verilmədi.

Bu baxımdan, post-müharibə dövründə Britaniya şirkətlərinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə ciddi layihələrin həyata keçirilməsinin şahidi ola biləcəyik. Bunun qızıl və digər təbii sərvətlərlə bağlı layihələrin olması mümkündür.

Hərbi-siyasi əməkdaşlıq perspektivlərinə gəldikdə, tərəflər arasında güclü iqtisadi münasibətlər var. Bu, Britaniya və Azərbaycan arasındakı siyasi dialoqun effektliliyinin nəticəsidir.

Əgər siyasi-iqtisadi münasibətlər bu səviyyədədirsə, bu o deməkdir ki, tərəflər hərbi müstəvidə də münasibətlərini inkişaf etdirə bilərlər.

Azərbaycanın hərbi büdcəsi imkan verir ki, Britaniyanın bahalı və müasir silahlarını da öz arsenalına daxil etsin. Bakı və London arasındakı hərbi əməkdaşlıq Azərbaycanın öz xarici siyasətini şaxələndirməsinin nəticəsidir. Azərbaycan hərbi sahədə Türkiyə, İsrail, Pakistan, Rusiya və digər ölkələrlə əməkdaşlıq edir. Beləliklə, siyasətin şaxələndirilməsi nəticəsində həmin ölkələrin ən müasir silahları Azərbaycan ordusunun arsenalına daxil olur.

Bakı və London arasında hərbi əməkdaşlıq baş tutarsa, bu, avtomatik olaraq, Azərbaycanın bölgədəki status və nüfuzunun daha da artmasına gətirib çıxara bilər. Bu, eyni zamanda, Cənubi Qafqazdakı bəzi dairələri çəkindirmək üçün güclü bir amil olardı.

- Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib ki, İngiltərə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində iştirak etməyə hazırdır. Səfirin bu açıqlamasını necə başa düşmək olar, ehtimal olunan hərbi əməkdaşlıq İngiltərənin Azərbaycanda hərbi iştirakının təmin olunması istiqamətində gedə bilərmi?

- Bundan sonra o ölkələr Azərbaycanın yanında olacaqlar ki, müharibədə bizə dəstəklərini əyani şəkildə sübut etdilər. Britaniya səfirindən söz düşmüşkən, o, xarici ölkələrin Azərbaycandakı nümayəndələri arasında ən fəalı idi.

Ceyms Şarpın həm müharibə, həm də bundan sonrakı açıqlamaları bir daha onu sübut edir ki, doğrudan da London və Bakı arasında güclü əlaqələr var. Beləliklə, işğaldan azad edilmiş ərazilərinin abadlaşdırılmasında və iqtisadi inkişafında İngiltərə şirkətlərinin iştirakının şahidi olacağıq.

Ümumilikdə, bu günədək Britaniyanın Azərbaycanda 600-ə yaxın kompaniyası qeydiyyata alınıb. Həmin şirkətlərin Azərbaycanda 30 milyarddan çox investisiyası var ki, bu da kifayət qədər ciddi rəqəmdir. Bu rəqəm artmaqda davam edəcək. Artım qeyri-neft sektorunda da müşahidə olunacaq.

- Rusiya Prezidenti Vladimir Putin iddia edir ki, Moskvanın postsovet məkanında təsir dairəsi güclənib. Rusiya liderinin bu mesajını necə izah etmək olar?

- Həqiqətən Rusiyanın post-sovet məkanına təsirləri güclənib. Rusiya 2008-ci ildən başlayaraq, Özbəkistan, Qırğızıstan və Cənubi Qafqazda öz nüfucunu ciddi şəkildə gücləndirməyə başlayıb. Bu gün dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Bu dövrdə Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazdakı nüfuzu daha da artır.

Amma Ukrayna və Baltikyanı ölkələr istiqamətində biz Rusiya ilə mübarizədə Qərbin ciddi qələbələrinin şahidiyik. Əvvəllər Şərqi Avropanın “Qərb bloku” və Rusiya arasında başqa bir statusu vardısa, bu gün artıq ABŞ və NATO-nun raket sistemləri birbaşa olaraq Rusiya istiqamətində tuşlanıb. İndi də həmin coğrafiyalarda NATO-ABŞ və Rusiya arasında ciddi mübarizənin şahidi oluruq.

Əgər Rusiyanın qərb sərhədlərində ABŞ və NATO raketləri yerləşdirilibsə, Rusiyanın Atlantik Alyansının cənub hüdudlarından – Liviya, Şimali Afrika ölkələri, eləcə də Suriyadan rus sistemlərinin Qərbə tuşlandığını görürük.

Söhbət Cənubi Qafqaz və Mərkəzi Asiyadan gedirsə, yaxın iki-üç il ərzində hər iki bölgədə Rusiyanın nüfuzunun bir qədər də artacağını proqnozlaşdırmaq olar. Hələ 1990-cı illərdə ABŞ strateqləri 2020-ci ildən sonrakı prosesləri analiz edərkən, bununla bağlı fikir bildirmişdilər. Əvvəlcədən proqnozlaşdırılan ssenariyə uyğun olaraq, ABŞ və Rusiya geosiyasətdə bir-birilə rəqabət apardığı halda, digər yandan dünyanın ayrı-ayrı bölgələrində də siyasi bazarlıq edirlər.

- Qərb ölkələri və ABŞ niyə Türkiyəyə qarşı PKK terroruna səssiz qaldı? Hətta ABŞ Dövlət Departamentindən verilən bir açıqlama Vaşinqton-Ankara münasibətlərini bir qədər də gərginləşdirdi.

- Təəssüflər olsun ki, uzun illərdir Türkiyə qarşı yönəlmiş PKK terroru Qərbdə susqunluqla izlənilir. Üstəgəl, Qərbdən Türkiyənin terrorizmə qarşı apardığı mübarizəyə adekvat münasibətlər sərgilənmir. Onlar bununla terrorçuların yanında olduqlarını, Türkiyəyə qarşı qeyri-ciddi münasibət sərgilədiklərini göstərirlər.

Əgər söhbət hərbi-siyasi müttəfiqdən gedirsə, o zaman birmənalı şəkildə Ankaranı dəstəkləmək lazımdır. Türkiyənin Suriya və İraqda apardığı antiterror əməliyyatlarına NATO müttəfiqlərindən dəstək verilmədi. Türkiyə heç həmin ölkələrdən bəyanat xarakterli dəstək də görmədi.

Belə bir münasibət Türkiyəni Rusiya, Çin və digər istiqamətlərdə yaxınlaşmaya sövq edir. Qərb bununla mənəvi çöküntü yaşadığını sübuta yetirir. Çünki Türkiyə o ölkədir ki, ABŞ-ın SSRİ-yə qarşı mübarizə apardığı illər boyu öz müttəfiqlik prinsiplərinə xəyanət etməmişdi, Vaşinqtona dəstək vermişdi.

“Sovet bloku”nun dağılmasından sonra Qərb və ya ABŞ-dan Türkiyəyə qarşı münasibət mənfiyə doğru dəyişdi. Nəticədə Türkiyə bu gün də milli təhlükəsizliyə qarşı terror təhdidləri qarşısında təkbaşına mübarizə aparır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər