Hərbi məğlubiyyət Ermənistan siyasi mühitində böyük canlanma yaratdı. Erməni cəmiyyəti təslim aktının kədərini və məyusluğunu yaşadığı bir zamanda erməni siyasətçilər fürsətdən yararlanaraq taleyinə təslimçilik aktını imzalamaq missiyası düşən Paşinyanı devirmək və siyasi hakimiyyətə yiyələnmək üçün mübarizə meydanına atıldılar.
2018-ci il inqilabından sonra keçirilən seçkilərdə uğursuz olmuş çoxsaylı cırtdan partiyaları təmsil edən psevdo-siyasətçilər daha çox vətənpərvər olduqlarını göstərmək üçün revanş şüarı altında birləşdilər və hələ də müharibənin ağır itkilərinə yas tutan xalqı meydana çağırdılar. Müharibənin nəticələrini dəyişmək kimi cəlbedici şüarların bolluğuna baxmayaraq xalq onları dəstəkləmədi və onlar az sonra meydanda tək qaldıqlarını gördülər.
Təmsilçilik funksiyasından başqa heç bir real səlahiyyətə malik olmayan prezident Armen Sarkisyan da özü üçün xoşbəxt saatın gəldiyini qət edib baş nazir Nikol Paşinyana qarşı təzyiqlərin artması üçün əlindən gələni etdi. Ermənistanın ən gərgin günlərində prezident bir tərəfdən, heç bir səlahiyyətinin olmaması barədə və guya “olsaydı təslimçiliyə yol verməyəcəydi” kimi eyhamlarla dolu mesajlarını xalqa ünvanlayır, digər tərəfdən, demək olar ki, hər gün Paşinyana müxalif mövqedə dayanan ən radikal siyasi qüvvələrlə görüşərək siyasi meydanda özünün hakimiyyətə gedən yolunu açmağa başladı. Paşinyanla müxalifət arasında öz məkrli oyununu aparan Sarkisyanın əsl məqsədi tezliklə həm xalqa, həm də hakimiyyətə gəlmək üçün dəridən-qabıqdan çıxan müxalifətə aydın oldu. Beləliklə, “toy generalı”nın əsl generala çevrilmək arzusu daşa dirəndi. Yaranmış pərtliyi ört-basdır etmək üçün məzuniyyət götürüb Londona yola düşən prezident orada “xəstələndi” və siyasi hakimiyyət ehtiraslarını söndürmək üçün düz bir aylıq “meditasiyaya” oturdu.
Sarkisyanın qürubu ilə əsas fiqurlardan birinin artıq sıradan çıxdığına əmin olan Koçaryan kölgədən çıxmağa başlayır. Keçmişi həm Azərbaycanda, həm də Ermənistanda qatı cinayət əməlləri ilə xatırlanan və yeni hakimiyyət tərəfindən dalana sıxılmış Koçaryan öz adı ətrafında “təcrübəli dövlət xadimi” imicinin yaradılması ilə siyasi səhnəyə qayıtmağa cəhd göstərir. Cəhdin uğurlu alınacağı halda Koçaryan özünün 2 əsas problemini həll etməyə çalışır: siyasi hakimiyyətə gələcəyi təqdirdə Ermənistana rəhbərlik etdiyi illərdə törətdiyi cinayətlərə görə məsuliyyətdən yaxa qurtarmaq və bu dəfə özünü yeni ampluada,”erməni xalqının xilaskarı” obrazında cəmiyyətə sırımaq. Keçən həftə Moskvada olarkən “Sputnik” telekanalına verdiyi müsahibəsində Koçaryan deyirdi: “Biz öz sərhədlərimizin təhlükəsizliyini təmin etmək iqtidarında deyilik. Ordunun bərpası ilə məşğul olmaq üçün siyasi iradə yoxdur. Apatiya səviyyəsi o qədər yüksəkdir ki, sosioloqlar deyirlər ki, bu vəziyyətdə hər hansı sosioloji araşdırma aparmağın mənası yoxdur. İnsanların şokda olması, savaş nəticələrinin olduqca gözlənilməz olması, təkcə hakimiyyətdən yox, ümumiyyətlə dövlətdən məyusluq, ümumiyyətlə, erməni millətinin kifayət qədər dövlət yaradıcı resursunun olub-olmaması haqqında cəmiyyətin şübhələri – bütün bunlar olduqca dərin məyusluqdur, xüsusilə əhalinin intellektual kəsimi üçün. Düşünürəm ki, bütün bunlar çox intensiv miqrasiyaya səbəb ola bilər. İnsanlar sadəcə çıxıb gedəcəklər. Bu məsələdə biz axı çox mobilik. Bizim böyük diasporamız var və böyük diaspora isə növbəti miqrasiya dalğası üçün real infrastrukturdur. Kimin harada qohumu, sinif yoldaşı, tələbə yoldaşı var, gedib onlara qoşulacaqlar.... Hələlik bizi pandemiya məhdudiyyətləri xilas edir. Bu məhdudiyyətlərin aradan götürülməsi, reyslərin sayının artırılması, avtobusla Gürcüstan vasitəsilə ölkədən çıxmaq və s imkanları yarananda elə bir köç dalğası başlayacaq ki, heç də az görünməyəcək.”
Elə oradaca ”Böyük siyasətə qayıtmışam” deyən Koçaryan Qarabağ və onun gələcəyi haqqında bir kəlmə də danışmır. Qisas şüarlarının dəstəklənmədiyini görən hiyləgər Koçaryan müharibədəki məğlubiyyətin səbəbini Paşinyan höküməti ilə bağlamaqla 30 il öncə özünün ortaya atdığı Qarabağ macərasını da birdəfəlik qapatmağa və unutdurmağa çalışır. O öz missiyasını artıq “Qarabağ məsələsi”nin dirildilməsi ilə yox, guya xalqın üzləşdiyi problemlərin həlli ilə məşğul olmaqda görür.
Maskalanmaq cəhdlərinə baxmayaraq erməni cəmiyyətində Koçaryanın faşist ideologiyasına və cinayətkar obrazına qarşı sərt müqavimət davam etməkdədir. Bu müqaviməti həlledici gücə çevirmək üçünsə Paşinyan hökümətinin əlində Koçaryana qarşı lazımi anda açıqlana biləcək kifayət qədər cinayət faktları var. Belə bir şəraitdə Koçaryanın siyasi hakimiyyətə yiyələnərək törətdiyi cinayətlərin izlərini silmək cəhdləri iflasa məhkumdur.
Koçaryan böhranlı vəziyyətdən istifadə edərək qaranlıq keçmişini sıfırlamaq cəhdində tək deyil. Etnik təmizləmə, Xocalı soyqırımı kimi insanlığa qarşı ağır cinayətlərdə onunla çiyin-çiyinə addımlamış Serj Sarqsyan da əslində özünün baiskarı olduğu 10 min erməni hərbçisinin qanı üzərində siyasi reabilitasiya qazanmağa çalışır. Uzun sürən susqunluqdan sonra sükutu pozmağa qərar vermiş Sarqsyan da öz xalqının çıxılmaz vəziyyətindən yararlanaraq növbəti dəfə erməni cəmiyyətini aldatmağa çalışır. Sarqsyanın riyakarlığı onun müsahibəsində tam çılpaqlığı ilə görünür. Sən demə, 2018-ci ildə Sarqsyan ona görə baş nazir olmaq istəyirmiş ki, “Qarabağ məsələsi kimi çətin bir məsələnin həlli məsuliyyətini öz üzərinə götürsün və bunu gələcək nəsillərə saxlamasın”. Sarqsyanın ağ yalanına görə, guya imzalanmaq üçün hansısa sənədlər də hazırlanıbmış. Göstəbək Sarqsyanın özü haqqında “fədakar” obrazı yaratmaq cəhdi erməni riyakarlığının ən bariz nümunəsidir və bu cəhd erməni mətbuatı tərəfindən dərhal ifşa olundu.
Bütün müxalif güclərin hazırki hakimiyyətə qarşı yönəlməsinə baxmayaraq məqsədlərin müxtəlifliyi də nəzərdən qaçmır. Müxalifət revanşizmi ilə saxta birlik nümayiş etdirən Koçaryan və Sarqsyan cütlüyünün revanşizmi əslində müharibənin nəticələrinə qarşı deyil, məhz Paşinyan hakimiyyətinə qarşı yönəlib. Onların məqsədi heç də müharibənin nəticələrin aradan qaldırmaq yox, cinayət araşdırmalarına qarşı öz şəxsi təhlüksizliklərini təmin etməkdən ibarətdir.
Paşinyan höküməti öz növbəsində tədricən müharibə şokundan ayılmağa başlayır. 10 Noyabr Bəyanatından uzaqlaşan hər gün laxlamış Paşinyan hökümətinin mövqeyini bir qədər möhkəmləndirir. Müharibə mövzusunu qapadaraq yenidən islahatlar haqqında anonslar verən hökümət üzvləri getdikcə “köhnə qvardiya”ya qarşı daha inamlı müqavimət göstərirlər. Beynəlxalq təmaslarda üçtərəfli Bəyanatın müddəalarına sadiqliyini təkrarlamaqdan başqa çarəsi qalmayan baş nazir daxili siyasətində xalqı islahatlar yolunun doğruluğuna inandırmağa çalışır və hətta regional əməkdaşlığa hazırlıq haqqında mesajlar da verməyə başlayır.
Hələlik vahid blokda çıxış edən Ermənistan müxalifəti isə sabah – 20 fevralda növbəti mitinqini keçirməyə hazırlaşır. Müxalifət liderlərinin verdikləri açıqlamalara görə bu Paşinyan hökümətinə qarşı son və həlledici həmlədir. Ermənistnanda siyasi mübarizənin bu günkü mənzərəsəi isə onu göstərir ki, gözlənilən mitinq müxalifətin özü üçün də son və həlledici cəhddir. Bu cəhdin uğursuz aqibəti erməni revanşistlərini uzun müddət üçün siyasət səhnəsindən uzaqlaşdıra bilər.