“Hökumətin istefası Gürcüstanın daxili işidir, ancaq əgər hökumət və baş nazir istefaya hazırlaşırdısa, bunu heç olmazsa bir gün əvvəl etməliydi ki, Bakıda üçtərəfli görüşün elanına ehtiyac qalmasın”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri arasında Bakıda gözlənilən görüşün təxirə salınmasına diqqət çəkib:
“Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü təxirə salınıb. Səbəbi odur ki, Gürcüstan baş nazirin müavini, xarici işlər naziri David Zalkaliyaninin Azərbaycana səfəri Baş nazir Georgi Qaxariyanın və hökumətin istefası ilə üst-üstə düşüb. Belə vəziyyətdə görüşün mənası yox idi.
Gürcüstanla bağlı oxşar vəziyyət bir neçə il öncə də yaşanmışdı. Üçtərəfli görüşün keçiriləcəyi tarix əvvəlcədən bəlli idi, hər saatı planlanlaşdırılmışdı. Təsəvvür edin, Türkiyənin xarici işlər naziri Bakıya gəlib ki, üçtərəfli görüşdə iştirak etsin və qəfil öyrənir ki, Gürcüstanda hökumət istefaya gedib və görüş alınmayacaq. Əlbəttə, hökumətin istefası Gürcüstanın daxili işidir, ancaq əgər hökumət və baş nazir istefaya hazırlaşırdısa, bunu heç olmazsa bir gün əvvəl etməliydi ki, Bakıda üçtərəfli görüşün elanına ehtiyac qalmasın”.