Sabah Ermənistan müxalifəti 17 siyasi partiyanın iştirakı ilə Nikol Paşinyanın əleyhinə mitinq keçirəcək. Onların yeganə tələbi Paşinyanın istefa verməsidir. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə o məsuliyyət daşıyır. Bu səbəbdən də hakimiyyəti təhvil verməlidir. Hazırda erməni müxalifətinin ikinci bir tələbi yoxdur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun fikrincə, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı da təklif qəbul edilməyib:
“Əsas səbəb də onunla bağlıdır ki, onların Ermənistan cəmiyyətində sosial dayaqları mövcud deyil. Lazımi sosial bazaları olsa idi, seçkilərə gedərdilər. Qanuni yolla da hakimiyəti təhvil alardılar. İndi isə mitinqə çıxacaq insanların sayında kəskin azalma qeydə alınır. Bu da onunla bağlıdır ki, Ermənistan cəmiyyətində insanlar müharibədən sonrakı dövrdə artıq dərk etməyə başladılar ki, revanşistlər onları məhvə aparır”.
Elman Nəsirova görə, Ermənistanda revanşistlər heç bir siyasi və hərbi gücə malik deyil:
“Bütün reallıqlar fonunda revanşistləri Rusiya müdafiə etmir. Rusiya bu gün N.Paşinyanı müdafiə edir. Çünki kapitulyasiya aktına o imza atıb və öhdəlik götürüb”.
Deputat bildirib ki, vaxtilə Paşinyanı hakimiyyətə gətirən Soros fondu bu gün Qarabağ klanını müdafiə edir:
“Ermənitanda bu gün yerlər dəyişib. Paşinyan daha çox Rusiya meyilli davranışı ilə diqqəti çəkir. S.Sərkisyan, R.Köçəryan. V.Manukyan və digərləri isə daha çox Sorosun adamı kimi davranır. Amma buna baxmayaraq, Paşinyanın öz siyasi karyerasını qoruyub saxlamaq imkanları böyükdür. Güc strukturları, xüsusi xidmət orqanları, ordunun tör-töküntüləri qalsa da, onu müdafiə edirlər. Nəhayət erməni xalqı onun fərqindədir ki, revanşistlərin hakimiyyətə gəlməsi yeni müharibə şərati yarada bilər. Bu isə Ermənistan üçün sonun başlanğıcı olacaq. Amma Ermənistanda müxalifətin bütün təzyiqlərinə baxmayaraq Paşinyanın hakimiyyətdə qalmaq şansı kifayət qədər böyükdür”.