Ermənistan özünü müdafiə etməyə qadir deyil. Qorxurlar, heç öz ordularına da etibar edə bilmirlər. Onların Sünik istiqamətində bir korpusu yerləşir. Haradadır onun gücü? Yoxdur və anlayırlar ki, hansısa toqquşma olduğu halda Azərbaycanın qarşısında durmaq iqtidarında deyillər. Onların canlarına qorxu düşüb. Anlayırlar ki, toqquşma olarsa, Azərbaycan Zəngəzurda erməniləri silib Naxçıvanla quru əlaqəsini təmin edəcək. Həm Naxçıvandan, həm də bu tərəfdən zərbə vurulacağı təqdirdə onun qarşısında durmaq imkanında deyillər. Bu səbəbdən də rus hərbi bazasının orada yerləşməsini istəyirlər.
Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Musabəyov Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanın son müsahibəsi zamanı Rusiya sərhədçilərinin Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi məsələsinin gözdən keçirildiyi, Ermənistandakı 102-ci rus bazasının bir hissəsinin şərqə (Azərbaycanla sərhədə) köçürülməsi haqda bəyanatını şərh edərkən bildirib.
Deputat deyib ki, Ermənistanda yerləşən 102-ci bazanın faktiki logistikası mövcud deyil:
“Söhbət bu bazanın təminatından gedir. Onlar indiyə qədər təyyarələr vasitəsilə bu təminatı həyata keçirirlər. Bu təyyarələr də İrandan keçməklə bu işi həyata keçirirlər. Ancaq bu, çətin və bahalı başa gələn yoldur.
Digər tərəfdən, Zəngəzurdan keçəcək dəhlizin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin etməlidir. Bizim Ermənistanın torpağında gözümüz yoxdur. Halbuki, ora qədim Azərbaycan torpaqlarıdır. Hər halda indi Ermənistan Respublikasının ərazisidir. Lakin orada dəhliz, yol bizim, elə Rusiya üçün də vacibdir. İndi ortaya ideya atıblar ki, Abxaziyadan Ermənistana yol açılsın. Bu dəmiryolu açılsa, oradan rus ordusu üçün təminatlar həyata keçirə biləcəklər? Yox! Gürcüstan buna icazə verməyəcək. Rusiyanın orada yerləşən hərbçilərinin nəqliyyat xətti yalnız Azərbaycan ərazisindən keçməklə mümkündür. Ya da təyyarə ilə İran vasitəsindən aparsınlar. Bizə vacibdir ki, ermənilər ağıllansın və bu nəqliyyat dəhlizi açılsın, onun təhlükəsizliyi də təmin olunsun. İstisna etmirəm ki, təhlükəsizlik funksiyası Rusiya hərbçilərinə də həvalə oluna bilər”.