Ağdamda qarışıq hisslər keçirirəm.
Teleqraf.com-un məlumatına görə, bunu "Caliber.az"a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib: "Bir tərəfdən bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza qazandırılan qələbə hissidir. Digər tərəfdən bu xarabalıqları müşahidə edərkən insan istər-istəməz bir qədər məyus olur.
Ancaq biz əminik ki, dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Ağdamı bərpa edəcək və rayon yenidən gözəl görkəmini geri qaytaracaq".
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.